İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyasında ilk iclası keçirilib
Sentyabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli tariximizin ən şərəfli anlarını yaşadığımızı deyərək cənab Prezident və müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Ordumuzun rəşadəti və xalqımızın birliyi ilə həyata keçirilən lokal antiterror tədbirlərində əldə edilən parlaq qələbənin uğurlarından, onun tarixi-siyasi əhəmiyyətindən danışıb. Komitə sədri torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa, qazilərimizə can sağlığı diləyib.
İclasda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra komitə sədri 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı müzakirəyə təqdim edib. Komitə sədri bildirib ki, hesabat dövründə komitənin 2 iclası keçirilərək 4 məsələyə baxılıb. İclaslarda qəbul edilən qanun layihələrinin əhəmiyyətindən danışan Fəzail İbrahimli hesabat dövründə komitədə keçirilən “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda geniş ictimai müzakirədən və digər tədbirlərdən söz açıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb. Yaz və növbədənkənar sessiyalar dövründə komitə sədri və üzvləri yerli və beynəlxalq tədbirlərdə fəal iştirak ediblər, həmçinin vətəndaşlarla və seçicilərlə görüşlər keçiriblər, onların qayğıları ilə maraqlanıblar.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin payız sessiyası üçün iş planının layihəsi ilə bağlı bildirilib ki, komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə aidiyyəti orqanların, ictimai birliklərin, dini qurumların nümayəndələri ilə görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulub.
İclasda İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev, komitə üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva, Anar İsgəndərov, Cavanşir Paşazadə, Azər Badamov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər. Onlar Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri barədə danışaraq bildiriblər ki, tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, həm də beynəlxalq hüquqa və onun bir hissəsi olan beynəlxalq humanitar hüququn tələblərinə uyğun həyata keçirilib. Deputatlar gündəlikdəki məsələlər barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Sonda komitənin 2023-cü ilin yaz və növbədənkənar sessiyalarında görülən işlərlə bağlı hesabatı qənaətbəxş hesab olunub, 2023-cü ilin payız sessiyası üçün iş planı təsdiq edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI