İctimai birliklər və dini qurumlar komitəsinin iclasında

0

Yanvarın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib. 

Turanın səsi ” xəbər verir ki , İclası açan Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli deputatları yeni sessiyasının başlaması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, gündəliyə üç məsələnin – İctimai birliklər və dini qurumlar komitəsinin 2022-ci ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.  

Komitə sədri 2022-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərək komitənin 9 iclasının  keçirildiyini, 12 məsələyə baxıldığını deyib. Ötən sessiya dövründə komitədə baxılan qanun layihələri barədə məlumat verən Fəzail İbrahimli həmçinin bildirib ki, hesabat dövründə komitəyə daxil olan 151 müraciətə baxılıb və müvafiq tədbirlər görülüb. 

Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırılıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Həmçinin komitəyə daxil olan təkliflərin təhlili və vətəndaşların müraciətləri ilə işin təşkili kimi məsələlər nəzərdə tutulub. Komitənin iş planına, eyni zamanda,  dini qurumların iştirakı ilə ictimai müzakirənin keçirilməsi də daxil edilib.  

İclasda müzakirəyə çıxarılan “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə  qanun layihəsi haqqında bildirilib ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, layihədə mətn boyu “kütləvi informasiya vasitələri” kimi sözlərin “media subyektləri”, “media” kimi sözlərlə əvəz olunması təklif olunur. 

İclasda komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Anar İsgəndərov, Azay Quliyev, Azər Badamov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər, fikirlərini və qeydlərini səsləndiriblər. 

Müzakirələrin sonunda İctimai birliklər və dini qurumlar komitəsinin   2022-ci il payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihəsi isə baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

⤵️

⤵️

⤵️


Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir