Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib
İyunun 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclasda əvvəlcə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə (birinci oxunuş) baxılıb. Qanun layihəsi barədə danışan Milli Məclis sədrinin birinci müavini, təklif olunan düzəlişlərin əhəmiyyətini qeyd edərək, bildirib ki, düzəlişlər sərnişinlərin mikromobilliyinin təmin edilməsi, ictimai nəqliyyatdan və mikromobillik vasitələrindən istifadənin təşviq edilməsi, həmçinin parklanma yerlərinin düzgün təşkilinin tənzimlənməsini nəzərdə tutur.
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Tahir Kərimli, Fəzail Ağamalı, Azay Quliyev, Elşən Musayev, Vüqar İskəndərov təqdim olunan qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.
Videokonfransa qatılan Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb. Son dövrlər nəqliyyat vasitələrinin hərəkətinin, parklanmasının tənzimlənməsi, elektron tərəzi sisteminin tətbiqi sahəsində görülmüş işlərdən və yeniliklərdən danışan nazir müavini bildirib ki, təklif olunan düzəlişlər mikromobillik sahəsində də tənzimləmənin təmin olunması, düzgün parklanma və bir sıra digər məsələləri nəzərdə tutur.
Gündəlikdə duran növbəti məsələ – “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri Əli Hüseynli bildirib ki, təklif olunan düzəlişlər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılmış bir neçə komissiyalar tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır.
Gündəliyin üçüncü məsələsi olan Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə danışan komitə sədri deyib ki, təklif olunan dəyişikliklər redaktə və uyğunlaşdırma xarakterli dəyişikliklərdir.
Sonra iclasda birinci oxunuşda komitənin müzakirəsinə təqdim olunan gündəliyin dördüncü məsələsi – Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, beşinci məsələsi – Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və altıncı məsələsi – Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihələri müzakirə olunub.
Müzakirələrdə komitənin sədr müavini Qüdrət Həsənquliyev və komitə üzvü Əminə Ağazadə çıxış edərək, fikirlərini bildiriblər.
İclasda müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Tədbirdə komitənin üzvləri Nizami Səfərov, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Erkin Qədirli, Cəbi Quliyev, Nurlan Həsənov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI