Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında
Dekabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
“Turanın səsi” xəbər verir ki , iclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 1 məsələ – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu layihəsi (birinci oxunuş) daxil edilib. Qanun layihəsinin əhəmiyyətini qeyd edən Əli Hüseynli layihə ilə bağlı məlumat vermək üçün Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanova söz verib.
Səməd Sultanov bildirib ki, layihə normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və effektivliyinin təmin edilməsi, normayaratma texnikasının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, normativ hüquqi aktların yalnız layihələrinin hazırlanması deyil, eyni zamanda onların razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydasının xüsusiyyətlərinin, onlar üçün texniki-hüquqi tələblərin müvafiq qaydalarla müəyyən edilməsi təklif edilir. Bundan başqa, 2024-cü il yanvarın 1-dən normativ hüquqi aktın layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcəkdir.
Konstitusiya qanunu layihəsində, həmçinin dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktların adlarının göstərilməməsinə yol verilən hallar müəyyən olunur.
Layihənin müzakirəsində komitə sədri Əli Hüseynli və komitənin sədr müavini Qüdrət Həsənquliyev sənədlə bağlı qeydləri və rəylərini səsləndiriblər.
Sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda deputatlar Fəzail Ağamalı, Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Elşən Musayev, Madər Musayev, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09