Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında
Noyabrın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib. Komitə sədri bildirib ki, gündəliyə 10 məsələ daxil edilib və bunlar birinci oxunuşda olan qanun layihələridir.
Əli Hüseynli gündəliyin birinci məsələsi olan “Milli arxiv fondu haqqında”, “Dövlət qulluğu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)” əşyaların siyahısı haqqında”, “Dövlət sirri haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib.
Bildirilib ki, dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılması ilə bağlıdır. Müvafiq fərmanlarla həmin qurumların əsasnamələri, strukturları təsdiq edilmiş, fəaliyyət istiqamətləri, səlahiyyət bölgüsü dəqiq müəyyən edilmişdir. Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının bir sıra qanunlarında yuxarıda qeyd edilən dəyişikliklərin nəzərə alınması məqsədilə hazırlanıb.
Gündəlikdəki 2-ci və 3-cü məsələləri komitə üzvü Kamal Cəfərov məruzə edib. O, bildirib ki, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.
Eyni zamanda təqdim edilən digər dəyişikliyə əsasən nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) isə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi qaydası təsbit olunub.
İclasda Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Kamran Əliyev çıxış edərək layihədə nəzərdə tutulan dəyişikliklərin yol hərəkəti təhlükəsizliyinin təmini baxımından əhəmiyyətindən, sənədin hazırlanmasında istifadə edilən beynəlxalq təcrübədən danışıb. O, bildirib ki, təklif olunan müddəalar tətbiq edilərkən qanunun subyektləri üçün möhlət müddəti və yüngülləşmələr nəzərdə tutulub.
Gündəliyin 4-cü və 5-ci məsələləri uyğunlaşdırma xarakterli qanun layihələri olduğunu bildirən komitə sədri İnzibati Prosessual Məcəllədə və Mülki Prosessual Məcəlləsində dəyişikliklərin edilməsi ilə bağlı birinci oxunuşda təqdim edilən qanun layihələrində məhkəmə icraatının elektron qaydada, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması qaydaları tənzimlənir.
Gündəliyin 6-8-ci məsələləri barədə komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib.
Bildirilib ki, Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, Mülki Prosessual Məcəllədə, Vergi Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, həmçinin “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri “Mülki Məcəllədə dəyişikliklər edilməsi haqqında” 2015-ci il 15 may tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, qeyd olunan qanunla Mülki Məcəllənin qiymətli kağızlarla bağlı müddəalarında dəyişikliklər qanunvericilikdə müvafiq dəqiqləşdirmə və uyğunlaşdırmalara ehtiyac yaradıb. Bu məqsədlə “səhm sahibləri” ifadəsini “səhm mülkiyyətçiləri”, “reyestrsaxlayıcı” ifadəsini “mərkəzi depozitar”, “mənzil” ifadəsini “daşınmaz əmlak”, “məhkəmə icraçıları” ifadəsini “icra məmurları” ilə əvəzləməsi və digər termin dəqiqləşdirmələri aparılır. Eyni zamanda qiymətli kağızların yeni dairəsi müəyyən edilir, qiymətli kağızların dövlət reyestrinin aparılması və sənədli qiymətli kağızın itirilməsi ilə bağlı hüquqi prosedurlar tənzimlənir.
Gündəliyin son iki qanun layihəsi ilə bağlı komitənin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında və Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Müzakirələrdə komitə üzvləri Kamal Cəfərov, Əminə Ağazadə, Cəbi Quliyev və Bəhruz Məhərrəmov çıxış edərək fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər. Müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, deputatlar Fəzail Ağamalı, Sabir Hacıyev, Tahir Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi