Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Fevralın 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Türkiyə Respublikasında baş vermiş zəlzələdə insanların həlak olmasından kədərləndiklərini bildirib. Komitə sədri Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan dövlətinin dərhal fəaliyyətə keçməsini qeyd edərək, xalqın bütün təbəqələrinin də yardım kampaniyalarına qoşulduğunu vurğulayıb. O, zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, dağıntılar altında qalan insanların tezliklə xilas edilməsini arzulayıb.
Sonra komitənin sədri bildirib ki, gündəliyə 8 məsələ daxil edilib. Diqqətə çatdırılıb ki, ilk dörd məsələ – birinci oxunuşda müzakirəyə çıxarılan “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə, 2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri bir-biri ilə bağlıdır.
Bu dörd qanun layihəsi barədə komitənin üzvü Əminə Ağazadəyə məlumat verib. O, bildirib ki, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır.
“Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində, xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsinin Azərbaycan Respublikasının Baş Prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.
2001-ci il 29 iyun tarixli 165-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri”ndə dəyişiklik edilməsi barədə qanun layihəsinin əsas məqsədləri prokurorluq orqanları işçilərinin xüsusi geyim formasının prokurorluq orqanlarına mənsubiyyətinin daha dəqiq formada təsbit edilməsi, bu sahədəki ölkədaxili və ölkə xaricindəki qabaqcıl təcrübə əsasında mövcud xüsusi geyim forması və fərqlənmə nişanlarının təkmilləşdirilməsidir.
“Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanunun ləğv edilməsi barədə və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri də prokurorluq işçilərinə verilən xidməti vəsiqə nümunəsinin təsdiq edilməsi qaydalarının dəyişdirilməsi məqsədilə hazırlanıb.
Gündəliyin 5-ci məsələsi olan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə komitə üzvü Kamal Cəfərov məlumat verib.
O, bildirib ki, Miqrasiya Məcəlləsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan Respublikasında uzunmüddətli yaşamağın 2 növü var: müvəqqəti yaşamaq və daim yaşamaq. Müvəqqəti yaşamaq icazəsinin müddəti 1 ildir və hər dəfə də bir il artırıla bilər. 2-ci ildən sonra isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin daim yaşaması üçün hüquq yaranır. Təqdim edilən dəyişikliklər də bu sahədəki münasibətləri təkmilləşdirmək, sui-istifadə hallarını aradan qaldırmaq, eyni zamanda Azərbaycan iqtisadiyyatına real töhfə vermək istəyən əcnəbilər üçün imkanları daha da dəqiqləşdirmək və asanlaşdırmaq məqsədləri daşıyır.
Kamal Cəfərov əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə hüquqi şəxs yaratması, müvəqqəti və ya daimi yaşaması üçün icazə almaları ilə bağlı layihədə təklif olunan dəyişikliklərin konseptual baxımdan geniş şərhini verib.
Gündəliyin 6-cı məsələsi olan “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsini komitə üzvü Vüqar İskəndərov təqdim edib.
O, bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb.
Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə, tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda, həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər.
Gündəliyin 7-ci və 8-ci məsələləri barədə komitə sədri Əli Hüseynli məlumat verərək bildirib ki, bunlar ikinci oxunuşda olan qanun layihələridir. Komitə sədri borc və kredit müqaviləsi üzrə münasibətlərin təkmilləşdirilməsi məqsədilə hazırlanan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
O, “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirib ki, sənəd haqqında birinci oxunuşda ətraflı məlumat verilib və deputatlar tərəfindən layihə ilə əlaqədar hər hansı bir təklif daxil olmayıb.
Qanun layihələrinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Azay Quliyev, Fəzail Ağamali, Nurlan Həsənov, Erkin Qədirli, Nizami Səfərov, Tahir Kərimli çıxış ediblər, fikirlərini və təkliflərini bildiriblər.
Müzakirələrin sonunda gündəlikdəki qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Sabir Hacıyev, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI