Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

0

Aprelin 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə birinci oxunuşda 5 məsələnin daxil edildiyini söyləyib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Komitə sədri birinci məsələnin “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi olduğunu bildirib. O, layihənin beynəlxalq təcrübəyə əsasən hazırlandığını, ölkə Konstitusiyasına, bu sahədə qoşulduğumuz konvensiyalara uyğun olduğunu deyib. 

Sonra iclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən yaşayış binalarının tikintisi son dövrlərdə dünyada geniş vüsət alıb. Bununla əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub  olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması məsələsinin aktuallığı və müvafiq qanun layihəsinin hazırlanması zərurəti qeyd olunub.

Bildirilib ki, layihədə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir. Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları öz əksini tapıb. Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur. 

Komitə üzvü Nurlan Həsənov məsələ ilə bağlı çıxışında dənizdə süni torpaq sahələrinin yaradılması və bunun müxtəlif istifadə məqsədləri ilə bağlı beynəlxalq təcrübədə mövcud olan nümunələr barədə danışıb. Qeyd edilib ki, təqdim olunan qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir. 

Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Tahir Kərimli, Fəzail Ağamalı öz fikirlərini, qeyd və təkliflərini söyləyiblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov səsləndirilən fikirlərə münasibət bildirib.

Sonra “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib. Qeyd olunub ki, Prezidentin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışların təhlil edilməsi, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflərin hazırlanması nəzərdə tutulur. Təqdim edilən qanun layihəsi yuxarıda qeyd olunanların təmin edilməsi məqsədilə hazırlanıb. 

Sənəddə qanunun 8.1.3-cü maddəsinə 2-ci kateqoriya dövlət orqanları sırasına Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi əlavə edilir. Habelə, yeni redaksiyada təqdim olunan İnzibati və yardımçı vəzifələrin təsnifatı ilə bağlı 11-ci maddədə müəyyən dəyişikliklər nəzərdə tutulur.

Gündəliyin növbəti məsələsi – Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə dair bildirilib ki, sənəd Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətlərinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Layihəyə əsasən, Şuranın fəaliyyət istiqamətlərinə dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verilməsi, dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsi, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi kimi səlahiyyətlər əlavə edilir.

  Sonra Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Layihədə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrlə bağlı bölmələrdə müəyyən düzəlişlər nəzərdə tutulur.

Sonra gündəliyin sonuncu məsələsi – Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib. 

Sənədə əsasən, Mülki Prosessual Məcəllənin 350.4-cü və Ailə Məcəlləsinin 68.6-cı, 118.20-ci maddələrinə təklif edilən dəyişikliklərin əsas məqsədi övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsidir. Bununla yanaşı, Ailə Məcəlləsinin 13.3-cü maddəsinin tələblərinə uyğunlaşdırma məqsədi ilə bu Məcəllənin 11.1-ci və 171.2-ci maddələrinə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Layihədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayışın təqdim edilməli olduğu şəxslərin siyahısının genişləndirilməsi, yəni həmin sənədlərin təkcə barəsində akt qeydi tərtib edilmiş şəxsin müraciəti əsasında deyil, həmçinin  şəxsin qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs və barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə də verilməsi təklif edilir. 

Sənəddə “Dövlət rüsumu haqqında” Qanunun 2.0.3-cü maddəsində dövlət rüsumunun tutulduğu hallar sırasında nəzərdə tutulmuş “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı” sözlərindən sonra “şəhadətnamə” sözünün əlavə edilməsi təklif edilir.  Həmçinin, “Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumu nəzərdə tutulur.

İclasda gündəlikdə olan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına birinci oxunuşda tövsiyə olunub.

Tədbirdə komitə üzvləri Əminə Ağazadə, Kamal Cəfərov, Sabir Hacıyev, Vüqar İskəndərov, Erkin Qədirli, Elşən Musayev, Bəhruz Məhərrəmov, Nizami Səfərov və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir