Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

0

Oktyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəliyə bir məsələnin – “Arbitraj haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini bildirib. Əli Hüseynli arbitrajın kommersiya mübahisələrinin  tənzimlənməsində əhəmiyyətindən danışaraq, bununla bağlı qanun layihəsinin hazırlanmasının və layihədə nəzərdə tutulan institutun yaradılmasının hüquqi əsasları və şərtləri haqqında fikirlərini bildirib. Əli Hüseynli bu gün “Arbitraj haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquq  islahatlarının növbəti mərhələsi kimi xarakterizə edib. Komitə sədri layihə ilə bağlı ətraflı məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərova təqdim edib. 

Deputat Nizami Səfərov arbitrajla bağlı beynəlxalq aləmdə mövcud olan müxtəlif yanaşmalardan söz açaraq, müzakirəyə təqdim olunan “Arbitraj haqqında” qanun layihəsində (birinci oxunuş) təsbit olunan beynəlxalq təcrübə və konseptual yanaşmalar barədə danışıb. Layihənin 8 fəsildən və 59 maddədən ibarət olduğunu qeyd edən deputat sənəddə əksini tapan əsas anlayışlar, qanunun tətbiq dairəsi, arbitraj təşkilatlarının təşkili formaları və prinsipləri, arbitrajda baxılan işlər, arbitraj sazişi, arbitraj icraatı və digər məsələlər haqqında məlumat verib.

Qanun layihəsinin müzakirəsində komitə sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Azay Quliyev, Erkin Qədirli, Fəzail Ağamalı, Tahir Kərimli və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər. Deputatlar qanun layihəsində kommersiya mübahisələrinin  həlli ilə bağlı təklif olunan yeni mexanizmlərin tətbiqinin əhəmiyyətindən danışıblar, arbitrajın aparılması ilə bağlı sənəddə təsbit olunan müddəalarla bağlı rəy və təkliflərini səsləndiriblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deputatların suallarına, qaldırdıqları məsələlərə aydınlıq gətirəndən sonra iclasda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

İclasda komitə üzvləri  Əminə Ağazadə, Kamal Cəfərov, Nurlan Həsənov, Vüqar İskəndərov, Cəbi Quliyev, Elşən Musayev, Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir