Hörmətli cənab Baş nazir və Hökumət üzvləri ! Hörmətli deputatlar ! Xanımlar və cənablar !
Bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti ötən ildəki fəaliyyəti barədə hesabat verir.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaratmışdır.
Dövlət başçısı tərəfindən ölkəmizin inkişafı sahəsində strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəltmişdir.
Ötən il ümumi daxili məhsul 4,6 faiz artmışdır. Xüsusi vurğulanmalıdır ki, iqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə olunmuş, ixrac 2 dəfədən çox artmış, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara çatmışdır.
Bu gün Azərbaycanın malik olduğu resurslar böyük miqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Azərbaycan Respublikasının nail olduğu inkişaf səviyyəsini möhtərəm Prezidentin bu sözləri çox gözəl ifadə edir: “Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil”.
Hörmətli cənab Baş nazir və Hökumət üzvləri!
Hörmətli həmkarlar!
Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakına şərait yaradır.
Onu da deyim ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə də Hökumət tərəfindən diqqətlə araşdırılmışdır. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilmişdir. Eyni zamanda, artıq 3 ildir ki, hesabata ayrıca olaraq, Milli Məclis deputatlarının sosial və infrastruktur obyektlərinin əsaslı təmirinə və tikintisinə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına dair təkliflərinin icrası barədə məlumat da daxil edilmişdir.
Düşünürəm ki, deputatlar bugünkü müzakirədə də fəal iştirak edəcəklər və səmərəli təkliflər irəli sürəcəklər.
Hörmətli həmkarlar, Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim etmək üçün mən sözü Azərbaycan Respublikasının Baş naziri hörmətli cənab Əli Əsədova verirəm.
Əli müəllim, buyurun.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI