Fransanın Ermənistanı silahlandırması həm də erməni xalqına qarşı düşmənçilikdir”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev
Oktyabrın 23-də Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsində ölkənin xarici işlər naziri Jean-Noel Barrot və senator Valerie Boyer tərəfindən Azərbaycana qarşı növbəti əssasız ittihamlar səsləndirilmişdir.
Fransa XİN-in 2025-ci il üçün büdcəsinin və beynəlxalq vəziyyətin müzakirə olunduğu iclasda Azərbaycanı Fransaya qarşı “aqressiv müdaxilələr” və “düşmən hərəkətlər” törətməkdə ittiham etmişlər. Fransa rəsmilərinə məhz öz açıqlamaları əsasında aşağıdakıları bildirmək istərdim.
Nazir Barrot etiraf edir ki, “Avropa müstəvisində Avropa sülh mexanizmi”nin Ermənistana münasibətdə tətbiq edilməsinə nail olublar. Reallıqda isə Fransanın təşəbbüsü və dəstəyi ilə Ermənistanla bağlı “silahlandırma və hərbiləşdirmə mexanizmi” işə salınmışdır. Avropa İttifaqının digər üzv dövlətlərindən də cəlb olunan hərbi yardımlar nəticəsində Ermənistan sürətlə silahlanır və silahlandırılır, onun 2025-ci il üçün müdafiə xərcləri 20% artırılaraq 1,71 milyard dollar təşkil edəcəkdir. Bu 3 il əvvəlki hərbi büdcə ilə müqayisədə 3 dəfə (!) artım deməkdir. Regionda de fakto sülh və sabitlik əldə edildiyi, sülh müqaviləsi üzərində substantiv danışıqların aparıldığı, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı işlər irəlilədildiyi bir vaxtda müstəmləkəçi keçmişində qanlı hadisələr təcrübəsi olan Fransanın bu niyyətinin arxasında hansı məkrli plan dayanır?
Eyni zamanda bu etiraflar Fransanın Aİ üzv dövlətləri arasında ikinci ən böyük deputat qrupu ilə təmsil olunduğu Avropa Parlamentində cari ilin 24 oktyabr tarixində Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer alan qərəzin də haradan qaynaqlandığını tam aşkarlayır: “Avropa Parlamenti Avropa Sülh Fondunun Ermənistanın silahlı qüvvələrinin dəstəklənməsinə yönəlmiş fəaliyyətini alqışlayır, Ermənistan və Aİ arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə çağırır. Avropa Parlamenti bəzi üzv dövlətlərin Ermənistana hərbi dəstəyini alqışlayır və digər üzv dövlətlərdən də oxşar dəstək göstərməyi tələb edir.”
Azərbaycana münasibətdə isə Fransa Avropa Parlamenti vasitəsi ilə tələb edir ki, Azərbaycanın hərbi və təhlükəsizlik qabiliyyətinin möhkəmlənməsinə töhfə verə biləcək bütün texniki və maliyyə yardımı, eləcə də hərbi və təhlükəsizlik təchizatı ilə bağlı ixracat dayandırılsın.
BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə məsul olan Fransanın bu əməlləri Cənubi Qafqaz regionunda yeni münaqişə ocağını alovlandırmaq cəhdlərini sübut edir. Əsl “düşmənçilik” və “aqressiv əməl” budur, bu əməllər təkcə Azərbaycana deyil, eyni zamanda “unutmaq istəmədiyiniz” və “dəstəyinizini azaltmaq istəmədiyiniz Ermənistan və erməni xalqı”na da qarşı yönəlmişdir.
Bu düşmənçiliyə və aqressiv əməllərə son qoymaq və bütün region dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətləri onu bərpa və inkişaf etmək məhz Fransanın öz əlindədir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI