Əmək və sosial siyasət komitəsinin iclasında
Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə 6 məsələ daxil edilib. O, ilk 5 məsələnin Büdcə Zərfinə daxil olan qanun layihələri olduğunu və ikinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.
Qanun layihələrini müzakirəyə təqdim edən Musa Quliyev 2018-ci ildən cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən dərin sosial islahatlardan söz açıb, son 5 il ərzində ölkəmizdə sosial təminatın təkmilləşməsi və güclənməsi ilə bağlı göstəriciləri diqqətə çatdırıb.
“Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən Musa Quliyev qeyd edib ki, Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılıb ki, bu da cari ilin büdcəsinə nisbətən 10,4% çoxdur.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahədə təqdim olunan operativ xidmətlərdən bəhs edən komitə sədri növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə nəzərdə tutulan tədbirləri, pensiya növləri üzrə gözlənilən artımları diqqətə çatdırıb.
“İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) ilə bağlı komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildən 20,3 milyon manat, yaxud 9,3% çoxdur. Fondun xərc istiqamətlərindən söz açan Musa Quliyev vurğulayıb ki, İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün nəzərdə tutulmuş büdcə layihəsi sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsi, özünəməşğulluq, peşə hazırlığı və peşəyönümlü tədbirlərin keçirilməsi, ictimai-sosial işlərin və digər xidmətlərin maliyyələşməsi üçün optimal əsaslar yarada biləcək.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (ikinci oxunuş) və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verərkən komitə sədri qeyd edib ki, həm yaşayış minimumu, həm də ehtiyac meyarı artırılaraq növbəti il üçün 270 manat məbləğində nəzərdə tutulub.
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, qanuna təklif edilən dəyişikliklər texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərin sosial sığorta haqları ödənişində seçim imkanlarının genişləndirilməsi və dürüstləşdirilməsi məqsədi daşıyır.
İclasda Hesablama Palatasının auditoru Vəfa Mütəllimova Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2024-cü il üçün büdcə layihələrinə dair palatanın rəyini diqqətə çatdırıb.
Layihələrin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitənin üzvləri Ziyad Səmədzadə, Səttar Möhbalıyev, Vüqar Bayramov, İlham Məmmədov, Soltan Məmmədov, Jalə Əliyeva, Əziz Ələkbərov, Sevinc Hüseynova, Aqil Məmmədov və Arzu Nağıyev çıxış ediblər. Onlar qanun layihələri barədə qeydlərini diqqətə çatdırıblar, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin bəzi məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deputatların suallarını cavablandırıb, qaldırılan məsələlərə aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) haqqında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. Dəyişiklikləri zəruriliyini şərtləndirən amillərdən danışan Adil Vəliyev vurğulayıb ki, layihə gecə vaxtı, iş vaxtında artıq işə cəlb edilmə və ezamiyyəyə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
Qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputat Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI