Əmək və sosial siyasət komitəsinin iclasında

Yanvarın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev əvvəlcə 2025-ci ilin sosial yekunları barədə danışıb. O, bildirib ki, Azərbaycan dövlətinin daxili siyasətində sosial siyasət həmişə olduğu kimi keçən il də prioritet istiqamət təşkil edib. Dövlət başçısının sərəncamı ilə 2025-ci ildə həyata keçirilən sosial islahatlar zərfindən söz açan komitə sədri bu tədbirlərin 3 milyondan çox vətəndaşın sosial rifahının yüksəlməsini təmin etdiyini diqqətə çatdırıb. Cari ilin dövlət büdcəsində də sosial xərclərin böyük çəkisini vurğulayan komitə sədri 2026-cı ilin sosial artım proqnozları ilə bağlı fikirlərini bölüşüb.
Yeni sessiyada komitə üzvlərinə uğurlar diləyən Musa Quliyev iclasın gündəliyi barədə məlumat verib.
Gündəliyin birinci məsələsi – Milli Məclisin 2025-ci ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatla bağlı bildirilib ki, ötən sessiya ərzində komitənin 17 iclası keçirilib və həmin iclaslarda 33 məsələ müzakirə olunub. Hesabat dövründə komitəyə daxil olan 241 ərizə, şikayət və müraciət araşdırılıb və müvafiq tədbirlər görülüb.

Arzu Paşaqızı