Əmək və sosial siyasət komitəsinin iclasında

0

Sentyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Musa Quliyev sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara qarşıdakı fəaliyyətlərində uğurlar diləyib.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Gündəliyin təsdiqindən sonra komitə sədri Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər  barədə hesabatı təqdim edib. O, ötən sessiyalarda komitənin 11 iclasında 38 məsələyə baxıldığını bildirib, müzakirə olunan qanun layihələri barədə danışıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan ərizələr və şikayətlər üzrə müvafiq işlər görülüb.

Komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı barədə məlumat verən Musa Quliyev qeyd edib ki, bu sessiyada komitədə gələn ilin dövlət büdcəsi ilə bağlı  məsələlərin, bir sıra qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi  nəzərdə tutulub. Planda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin sosial siyasətinin təntənəsi” mövzusunda elmi-praktik konfransın keçirilməsi, həmçinin Səhiyyə komitəsi ilə birlikdə “Autizmin tibbi-sosial aspektləri və sosial müdafiə tədbirləri” mövzusunda dinləmənin təşkili öz əksini tapıb.

Sonra komitədə gündəlikdəki qanun layihələrinə baxılıb.

“Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən komitə sədri sənəddə BƏT-in orqanları olan Beynəlxalq Əmək Ofisinin idarə olunması, Beynəlxalq Əmək Konfransının prosedur qaydaları ilə bağlı təklif olunan dəyişikliklərdən danışıb.

Gündəliyin 4-cü məsələsi olan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Musa Quliyev bildirib ki, layihədə valideyn himayəsindən məhrum olmuş və ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadənin əsasları təsbit olunub.

Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O, sosial sığorta nömrəsinin istisnası halları, əmək müqavilələrində sınaq müddətinə qoyulan məhdudiyyətlər, işçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi, həmçinin anlayışların konkretləşdirilməsi məqsədilə layihədə təklif olunan dəyişiklikləri diqqətə çatdırıb.

Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Sevinc Hüseynova, Vüqar Bayramov, Arzu Nağıyev və İlham Məmmədov çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

İclasda 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin qarşıdakı payız sessiyası üçün iş planı təsdiq olunub. 

Müzakirə olunan “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi, həmçinin birinci oxunuşda olan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə, o cümlədən Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir