Elm və təhsil komitəsinin iclasında
Mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, gündəlikdə ikinci oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi – “Təhsil haqqında” Qanunda, “Elm haqqında” Qanunda, “Peşə təhsili haqqında” Qanunda, həmçinin Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-biri ilə bağlıdır.
Bəxtiyar Əliyev qeyd edib ki, dəyişikliklər “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə əlaqədardır. Belə ki, fərmanda AMEA-nın strukturunda dəyişikliklər edilib, Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə olunub. Həm bu fərmandan irəli gələrək, eyni zamanda, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və digər sənədlərdə qarşıya qoyulan hədəflərə uyğun olaraq elm və təhsil sahəsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər təklif edilib.
Layihəyə əsasən, sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə dövlət məktəbəqədər təhsil müəssisələrində də təhsilverənlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulub və işə ilk dəfə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmə hüququnun yaranması müddəti 5 ildən 3 ilə endirilib. Həmçinin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 olduğunu və gələcəkdə məşğulluq imkanlarının məhdudlaşma ehtimalını nəzərə alaraq, yaşı 60 və daha çox olan şəxslərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi təklif edilir.
Uyğunlaşdırma xarakteri daşıyan digər üç qanun layihəsinə də oxşar dəyişikliklər təklif olunur. “Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) əsasən AMEA-nın bəzi elmi müəssisə və təşkilatlarının, habelə digər qurumların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə bağlıdır.
“Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) peşə təhsili müəssisələrində müasir standartlara uyğun effektiv kadr siyasətinin həyata keçirilməsi və həmin müəssisələr üçün yüksək keyfiyyətli və innovativ təlim metodlarına cavab verən ixtisas dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.
Gündəliyin 4-cü məsələsi olan Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) isə dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu, yerdəyişməsi və sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Komitə sədri qanun layihələrinin plenar iclasda birinci oxunuşundakı müzakirəsi zamanı səsləndirilən fikirlərə münasibət bildirib. Daha sonra qanun layihələrindəki dəyişikliklər ətrafında müzakirələr aparılıb.
Komitə sədrinin müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihələrdə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
Komitə sədri Bəxtiyar Əliyev deputatların səsləndirdikləri qeydlərə münasibət bildirəndən sonra gündəlikdəki qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
İclasda deputatlar Tamam Cəfərova, Afət Həsənova, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə, Rafael Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI