Elm və təhsil komitəsinin iclasında
İyunun 27-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ – Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyası ərzində fəaliyyəti barədə hesabat daxil edilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitə sədri diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, iclaslarda 12 məsələyə baxılıb. O, komitənin müzakirəsindən keçən qanun layihələrinin elm və təhsil sahəsində həyata keçirilən uğurlu islahatların hüquqi bazasının möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib. Qeyd olunub ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə 115 müraciət daxil olub, onlarla bağlı müvafiq tədbirlər görülüb. Həmçinin ötən dövrdə komitə sədri və üzləri vətəndaşlarla və seçicilərlə görüşlər keçiriblər, onların qayğıları ilə maraqlanıblar, mətbuatda ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.
Bəxtiyar Əliyev Milli Məclisin deputatlarının növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət etməsindən söz açıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Şanlı Ordumuzun şücaəti ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası kimi böyük tarixi nailiyyətlərin əldə olunmasının VI çağırış Milli Məclisin fəaliyyəti dövrünə təsadüf etməsindən danışıb. Qeyd olunub ki, spiker Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamenti ölkə Prezidentinin tövsiyələrini rəhbər tutaraq, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
Gündəlikdəki məsələnin müzakirəsində komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri Eldar Quliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Tamam Cəfərova, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, komitənin hesabat dövründə məhsuldar fəaliyyət göstərməsindən danışıblar. Müzakirələrin sonunda komitə üzvləri 2024-cü ilin yaz sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işləri qənaətbəxş sayıblar.
İclasda deputatlar Ülviyyə Ağayeva, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Pərvin Kərimzadə, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI