Elm və təhsil komitəsinin iclasında
Martın 6-da Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirilib ki, gündəliyə birinci oxunuşda olan iki qanun layihəsi – “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.
Mahiyyətcə bir-biri ilə bağlı olan qanun layihələri haqqında ümumi məlumatı komitə sədri təqdim edib. O, cənab Prezident İlham Əliyevin əhalinin aztəminatlı təbəqələrindən olan və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını genişləndirməyə xidmət edən siyasətindən söz açıb, dövlət başçısının müvafiq tapşırıqları ilə ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının və həcminin ilbəil artırılmasından, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsindən danışıb. Qeyd edib ki, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi, peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi və digər islahatlar dövlət başçısının təhsilə, insan kapitalının inkişafına, xüsusən də sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək diqqətinin təzahürüdür.
Komitə sədri bildirib ki, müzakirəyə təklif olunan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb və qanunun yeni redaktədə təqdim olunan 14.8-1-ci maddəsində bu şəxslərin tam dairəsi müəyyən edilib.
Müzakirəyə çıxarılan ikinci qanun layihəsində isə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digər qanunlarda da təsbit olunması təklif olunub.
Məsələlərin müzakirəsində Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitənin üzvləri Anar İsgəndərov, Etibar Əliyev, Ceyhun Məmmədov, Tamam Cəfərova və Müşfiq Məmmədli çıxış edərək, müzakirə edilən qanun layihələri ilə bağlı fikirlərini bildiriblər, təkliflərini və suallarını səsləndiriblər.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deputatların qaldırdıqları məsələlər aydınlıq gətiriblər və suallarını cavablandırıblar.
Müzakirənin sonunda hər iki qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Kamilə Əliyeva, Pərvin Kərimzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI