Elm və təhsil komitəsinin iclasında
Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan komitə sədri Bəxtiyar Əliyev qarşıdakı yaz sessiyasında deputatlara uğurlar diləyib. Komitə sədri gündəliyə 3 məsələnin – Elm və təhsil komitəsinin 2023-cü ilin payız sessiyası ərzində fəaliyyəti barədə hesabatın, qarşıdakı sessiya üçün iş planının və bir qanun layihəsinin daxil edildiyini bildirib.
2023-cü ilin ölkəmiz üçün müstəsna əhəmiyyətə malik uğurlu hadisələrlə zəngin olduğunu deyən Bəxtiyar Əliyev ötən ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlərin həm ölkə daxilində, həm də xarici ölkələrdə yüksək səviyyədə keçirilməsindən, deputatların bu tədbirlərdə fəal iştirakından bəhs edib. O, ötən ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün ərazisində suverenliyinin tam təmin edilməsinin Azərbaycan tarixində və dövlətçiliyində müstəsna əhəmiyyətindən danışıb.
Komitə sədri 2023-ci ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabatı təqdim edərkən bildirib ki, sessiya dövründə komitənin 9 iclası keçirilib, iclaslarda 15 məsələ müzakirə olunub. Ötən sessiya dövründə komitəyə daxil olan müraciətlər barədə məlumat verən komitə sədri bildirib ki, həm daxil olan ərizə və məktublarda, həm də komitədə keçirilən vətəndaş qəbullarında vətəndaşların müraciətlərinə diqqətlə yanaşılıb, onlar aidiyyəti üzrə araşdırılaraq müvafiq tədbirlər görülüb. Həmçinin komitə sədri və üzvləri seçiciləri ilə bir sıra görüşlər keçiriblər, cəmiyyətin həssas qrupları, şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlanıblar.
Komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planını təqdim edərkən Bəxtiyar Əliyev qeyd edib ki, yaz sessiyası dövründə ölkədə növbədənkənar prezident seçkiləri keçiriləcək. Komitə sədri bu seçkilərin ölkəmiz üçün əhəmiyyətini, xalqımız və dövlətimiz qarşısında açdığı yeni imkanları diqqətə çatdırıb.
Komitənin iş palanı ilə bağlı bildirib ki, iş planına “Ali təhsil haqqında” qanun layihəsinin, həmçinin qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi və digər məsələlər daxil edilib.
İclasda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı bildirilib ki, sənəddə “Təhsil haqqında” Qanuna təklif edilən dəyişiklikdə məişət zorakılığının qarşısının alınması və zorakılığa yol verilməməsinin təşviqi məqsədilə təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərin dairəsinə dərsdənkənar məşğələlər zamanı təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların tədrisinin daxil edilməsi nəzərdə tutulub.
Gündəlikdəki məsələlərlə bağlı Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitənin üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov, Kamilə Əliyeva və Etibar Əliyev çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Elm və təhsil komitəsinin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı məqbul sayılıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib, gündəlikdəki qanun layihəsi isə ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Eldar Quliyev, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova, Pərvin Kərimzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI