Dostluq qruplarının onlayn görüşündə
Aprelin 11-də Milli Məclisin Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Birləşmiş Ərəb Əmirlikləri parlamentinin Azərbaycanla dostluq komitəsi arasında videokonfrans formatında görüş keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Videokonfransı açan Milli Məclisin BƏƏ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə iştirakçıları salamlayıb. O, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Bildirib ki, keçirilən görüşlər, yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin bütün istiqamətlərdə inkişafına təkan verir.
İkitərəfli əməkdaşlığın genişləndirilməsində qanunverici orqanların rolundan danışan Cavanşir Paşazadə hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirib, bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının Azərbaycanla dostluq komitəsinin rəhbəri Osama Alşafar ölkələrimiz arasında ikitərəfli əlaqələrin xalqlarımızın maraqlarına xidmət etdiyini bildirərək belə görüşlərin keçirilməsinin münasibətlərimizin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O, parlament əlaqələrinin iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına müsbət təsirini qeyd edib, bu sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirib.
Sonra Milli Məclisin Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ceyhun Məmmədov və Soltan Məmmədov çıxış ediblər. Deputatlar 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərlə ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsindən danışıblar. Diqqətə çatdırılıb ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində şəhər və kəndləri, maddi, mədəni, tarixi abidələri, o cümlədən məscidləri məhv edib, bütün infrastrukturu dağıdıb. Söhbət zamanı qarşı tərəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi böyük quruculuq və bərpa layihələri barədə məlumat verilib.
Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini Azərbaycanla BƏƏ arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirib, qarşılıqlı münasibətlərə dair fikirlərini bölüşüb.
Sonra söhbətdə ölkələrimiz arasındakı strateji əlaqələrin daha da inkişaf etdirilməsi, parlament əməkdaşlığının möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Onlayn görüşdə deputatlar Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI