Deputatlar jurnalistləri təbrik etdi

0

22 İyul Azərbaycanda Milli Mətbuat günüdür.

Təməli, bütün ömrünü millətinin maariflənməsinə, savadlanmasına həsr etmiş Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Mətbuatın 148 yaşı tamam olur.

Cəmiyyətdə milli şüurun, vətənpərvərlik ideyalarının, dövlətçiliyin möhkəmlənməsi və inkişafı üçün sağlam ictimai rəyin formalaşmasında əməyi keçən bütün vicdanlı mətbuat işçilərini, jurnalistləri səmimi qəlbdən təbrik edirəm.

Bayramınız mübarək!

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

****

Milli Mətbuatımızın 148-ci ildönümündə böyük Həsən bəy Zərdabini bir daha ehtiramla anırıq! Bu gün münasibətilə Azərbaycan jurnalistikasının, Azərbaycan mətbuatının Vətən təəssüblü bütün dəyərli isimlərini ürəkdən təbrik edirik. Bayramınız mübarək, Dostlar

Jalə Əliyeva

Milli Məclisin deputatı

****

Sözün “Əkinçi”ləri haqqında bir neçə söz…

Azərbaycan xalqı müsəlman Şərqində həm də erkən milli mətbuatını yaratması və inkişaf etdirməsi ilə öncül yer tutur. XIX əsrin sonuncu rübündə maarifpərvər ziyalı, ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə əsasını qoyduğu anadilli mətbuatımız xalqımızın milli təfəkkürünün formalaşmasında, xalq olaraq sonrakı dövrlərdə öz dövlətini qurub dünyanın siyasi arenasında qərar tutmasında önəmli rol oynamışdır.

“Əkinçi”dən sonra yaranan mətbu orqanlar xalqın maariflənməsi istiqamətində fəaliyyəti ilə yanaşı, milli məfkurənin yüksəlməsini də ön planda saxlamışlar. Məhz bu səbəbdəndir ki, Şərqdə ilk demokratik respublika, Azərbaycan adına ilk dövlətin yaranmasında milli mətbuat

ideya-məfkurəvi tribunaya çevrilmişdir.

O dövrün ziyalıları ixtisasından və ictimai mövqeyindən asılı olmayaraq mətbuatda çıxış etməklə işıqlı ideyaların xalqa çatdırılmasına çalışırdı. Sonrakı dövrlərdə sovet üsul-idarəsi altında mətbuat tam senzura şəraitində və məhdud çərçivələrə salınaraq işıq üzü görsə belə, yenə də Azərbaycan ziyalıları ümumxalq maraqlarını ifadə edən yazıların çapına, yayılmasına nail ola bilirdilər.

Ötən əsrin sonlarında ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, milli hərəkata Kremlin düşmən münasibəti müqabilində mətbuatımız informasiya blokadasını yararaq xalqımızın haqq səsini bütün dünyaya çatdırdı. Təəssüf ki, müstəqilliyin ilk illərində yaranmış siyasi hərc-mərclik, anarxiya və xaos mətbuatımıza da sirayət edərək azad sözün cəmiyyətdə oturuşmasına xeyli əngəl oldu. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xüsusi diqqətdə saxladığı məsələlərdən biri də məhz mətbuatın inkişafı və fikir plüralizmi oldu. Dahi rəhbərin qısa müddətdə bu sahədə apardığı islahatlar – senzuranın ləğvi, mətbuata dövlət qayğısı, KİV haqqında Qanunun qəbulu, ölkəmizin bu sahə ilə bağlı beynəlxalq konvensiyalara qoşulması medianın inkişafına böyük töhfələr verdi.

Ulu öndərin mətbuata göstərdiyi diqqətin nəticəsi idi ki, bu sahə sözün həqiqi mənasında dördüncü hakimiyyət statusunu qazandı. Bu ənənəyə sadiq qalan Prezident İlham Əliyevin də mediaya olan həssas münasibəti, diqqəti nəticəsində cəmiyyətdə demokratik KİV-in dayaqları möhkəmləndi. Bu xidmətlərinə görə ulu öndər kimi dövlət başçısı İlham Əliyev də media işçilərinin dostu elan olundu.

Prezidentin müvafiq sərəncamı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə kütləvi informasiya vasitələrinin dəstəklənməsi baxımından son dərəcə uğurlu platformaya çevrildi. Dövlətimizin medianın inkişafına prioritet sahə kimi diqqət yetirməsinin məntiqi nəticəsi olaraq bu gün peşəkar mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub. Milli mediamız intibah dövrünü yaşayır, operativlik, obyektivlik və milli maraqların qorunması baxımından uğurlarını artırır. İstər çap, istərsə də elektron mediamız ədalət meyarını pozmadan auditoriyanın ruhuna uyğun xəbər istehsalçısı kimi tarixi missiyasına sadiq qalır.

44 günlük şərəfli Vətən müharibəsində dünya ictimaiyyəti cəbhədə Azərbaycan ordusunun, informasiya savaşında isə Ali Baş Komandan başda olmaqla jurnalistlərimizin döyüşkənliyinin şahidi oldu. Qələmini süngüyə çevirib düşmən dövlətinin təcavüzünü, işğalçı mahiyyətini, insanlığa sığmayan barbar hərəkətlərini dünyaya çıxaran jurnalistlərimiz hər cür tərifə layiqdir. Ümumiyyətlə, Vətənə sevgi, dövlət maraqlarının qorunması kimi müqəddəs dəyərlər mediamızın üstün keyfiyyətidir. Təkcə Vətən müharibəsində deyil, bütövlükdə, milli maraqlarımızın müzakirə olunduğu bütün masalarda Azərbaycan jurnalistikası dövlət siyasətinin təbliği istiqamətində əvəzsiz xidmətlər göstərir.

Həsən bəy Zərdabi ilə başlanan, ustad Mirzə Cəlillə davam edən, Üzeyir Hacıbəyli ilə dövlət siyasətinə qovuşan milli mətbuatımız hər zaman sözlə tarixi tərəqqimizə xidmət edib. Söz adamlarımız, mənəviyyat “Əkinçi”ləri ideya toxumları səpib-göyərdərək yeni bir nəsil yetişdirə, milli jurnalistika məktəbini yarada biliblər. İndi bu nəslin səsini dünyanın hər yerindən eşidirik. Bu səs həm də Azərbaycan həqiqətlərinin carçısıdır.

Söz adamları və dəyərli dostlar, PeşəBayramınız mübarək!

Rəşad Mahmudov,

Milli Məclisin deputatı,

Tibb elmləri doktoru

****

Milli Mətbuat günündə media işçilərinə ən böyük hədiyyəsi Prezident İlham Əliyevin Şuşada keçirilən Qlobal Media Forumunun açılış mərasimində iştirakı oldu. Dövlət başçısı Forumda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən dəvət olunmuş media işçilərinə onları düşündürən suallarını verilməsinə şərait yaratdı və hər birisi ilə səmimi görüşərək media işçilərin dostu olduğunu bir daha nümayiş etdirdi. Dünyanın heç bir ölkəsinin dövlət başçısı Prezident İlham Əliyev qədər mətbuata açıq deyil və dostluq etmir. Dövlət başçımız özünü media işçiləri arasında çox rahat hiss edir.

Azərbaycan azad söz azadlığı və mətbuat azadlığı təmin olunmuş ölkədir. 1998-cı ildə senzura ləğv olunmuşdur. Dövlət medianın inkişafına dəstək verir. Beləki, Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Bu gün Milli Mətbuatımız yaranmasının 148-ci ilini qeyd edir. Əsası 1875-ci ildə Əkinçi qəzetinin ilk sayının işıq üzü görməsi ilə tarixə düşmüş bu böyük tariximizlə fəxr edirik. Mətbuatın azad inkişafı dövlətin inkişafına dəstək verir. Mətbuat işçisi olmaq çətin və məsuliyyətli peşədir. Çünki işıqlanan hər bir informasiya insanlarda rəy formalaşdırır. Çox təəssüf ki, bıəzi hallarda obtyektiv olmayan , qeyri-peşəkar qərəzli informasiyalar da mətbuatda yer alır. Amma ümumi şəkildə qeyd etmək olar Azərbaycan mətbuatı hadisələrə obyektiv yanaşır, informasiyanı reallıqlarla vaxtında işıqlandırır və ictimaiyyəti məlumatlandırır. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı media işçilərinin informasiya yayılmasında mənbəyə həssaslıqla yanaşdığını və xalqın səfərbər olunaraq həmrəyliyin möhkəmlənməsinə və döyüş ruhunun yüksəlməsinə xidmət etdiyini qeyd etmək olar. Bununla mediamız dövlət və xalqın taleyi üçün vacib anlarda həmrəylik nümayiş etidrə biləcəyini bir daha sübut etdi. Bu gün mediamız qarşısında beynəlxalq informasiya müharibəsində reallıqları və ədalərli səsimizin dünyaya çatdırılması ilə bağlı mühüm vəzifə dayanır. Ona görə də Milli Mətbuat Günüdə KİV-in beynəlxalq informasiya müharibəsindəki uğurlu fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm.

Jurnalistlər öz həyatlarını təhlükə altına alaraq müharibə bölgələrində güllə atəşləri altında reportajlar hazırlayaraq ictimaiyyətə çatdırırlar. O cümlədən işğaldan azad olunmuş ərazilərdə öz peşə vəzifəsini icra edərkən düşmənin basdırdığı minaların qurbanı olan media işçilərimiz də var. Öz peşə borcunu yerinə yetirərkən şəhid olmuş media işçilərinə Allahdan rəhmət diləyirəm.

Sonda Milli Mətbuat Günü münasibətilə media sahəsində fəaliyyət göstərən bütün əməkdaşları təbrik edir, onlara can sağlığı və fəaliyyətlərində uğurlar diləyirəm!

Azər Badamov

Milli Məclisin deputatı

****

Bütün mətbuat işçilərini peşə bayramı- 22 iyul Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm! Yazdığınız hər bir sətr, yorulmaz fəaliyyətinizin hər günü, cəmiyyətimiz, ölkəmiz naminə öz xoş tövhəsini versin! Xəbərləriniz xalqımıza yalnız sevinc və fərəhedici anlar yaşatsın! Hər birinizə can sağlığı və müvəffəgiyyətlər arzu edirəm!

Sevinc Fətəliyeva

Milli Məclisin deputatı

****

Əziz mətbuat işçiləri!

Əziz jurnalistlər!

Əziz dostlar!

“Milli mətbuat günü” münasibətilə hər birinizi təbrik edirəm. Bu bir həqiqətdir ki, əsl mətbuat cəmiyyətin inkişafını yönləndirən faktorlardan, o cümlədən dövlətin sütunlarından biri hesab olunur. Sizlərə bu çətin, şərəfli işinizdə uğurlar, peşəkatlıq, dövlət və dövlətçiliyə sədaqət arzulayıram.

Bayramınız mübarək!

İltizam Yüsifov

Milli Məclisin deputatı

****

Ümummilli lider Heydər Əliyev:

“Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”

Milli Mətbuat Günü!

Elnur Allahverdiyev

Milli Məclisin deputatı

****

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür.

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda MilliMətbuatgünü kimi qeyd olunur.

Bu əlamətdar gün münasibətilə bütün jurnalistləri təbrik edir, fəaliyyətlərində obyektivlik, prinsipiallıq, yüksək peşəkarlıq və əsl vətəndaşlıq mövqeyi arzulayırıq.

Anar Məmmədov

Milli Məclisin deputatı

****

22 iyul-Milli Mətbuat günü münasibəti ilə bu çətin və şərəfli peşənin öhdəsindən layiqincə gələn bütün mətbuat işçilərini səmimi qəlbdən təbrik edir, zəngin və şərəfli tarixə malik Azərbaycan mətbuatının inkişafı, tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə daima uğurlar arzulayıram!

İqbal Məmmədov

Milli Məclisin deputatı

****

4-cü Sənaye İnqilabı və Yeni Media

“Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”. Heydər Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda cəmiyyətə olduqca maraqlı mesajlar verdi. Fikrimcə, Ümummili liderimiz Heydər Əliyevin “əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik” fikri məhz uzaqgörənliklə 4-cü Sənaye İnqilabını nəzərdə tutur. Bu inqilab bir-biri ilə qarşılıqlı əlaqədə olan texnologiyaların köməyi ilə siyasətçilər, texnoloji liderlər, bütün dünyanın vətəndaşları, bütün sosial qruplar, media təmsilçiləri arasında ictimai diskussiyaları müyyənləşdirmək imkanları yaradır. Ortaya çıxan ilk suallar bunlardır. Yeni texnologiyalar bizim davranışımıza necə təsir göstərir? Biz onlara olan münasibətimizi necə dəyişməliyik? Unutmamalıyıq ki, sınırları aramsız gərginlikdən tarıma çəkilmiş bəşəriyyətin hər hansı bir nöqtəsinə toxunan kimi onun titrəyişi bütün Yer kürəsinə yayılır.

4-cü Sənaye İnqilabı bir sistemdir. Sistem dedikdə biz iqtisadi, siyasi və sosial həyatımız üçün vacib olan normaları, qaydaları, gözləntiləri, gündəlik formalaşan davranışları, stimulları, infrastrukturu, resursları nəzərdə tuturuq.

Yeni texnologiyalara əsaslanan sitem insanlara geniş seçim imkanları təqdim edir, perspektiv və şəxsi həyata nəzarət etmək azadlığı verir. Nəticədə müasir dövrün əsas paradiqması olan Sistem təfəkkürün formalaşması üçün yeni üfüqlər açılır.

Yeni texnologiyalar yaxşı və pis məqsədlər üçün istifadə oluna bilər. Reallıqda isə texnologiyalar müəyyən dəyər daşıyırlar. Biz bu prinsipi tanımalı və innovasiya prosesinin bütün mərhələlərində bunları müzakirə etməliyik.

Dünya İqtisadi Forumunun sədri, 4-cü Sənaye İnqilabı ideyasının müəllifi Klaus Şvab haqlı olaraq deyib ki, 4-cü Sənaye İnqilabı ilk mərhələdə olduğundan bizdən çox sey asılıdır: “Yeni texnologiyaların tənzimlənməsi üçün İctimai və qanunvericilik normaları yenidən formalaşır. Bizim həyatımızı dəyişən texnologiyaların inkişafında hamının iştirakı vacibdir.”

4-cü Sənaye İnqilabı təlqin edir ki, bu keçid dövründə hamının üzərinə böyük məsuliyyət düşür. Bizim imkanlarımız var ki, yeni texnologiyaları ümumi mənafeyimizə yönəldək. Biz bunu insan ləyaqətinin qorunmasına, ətraf aləmin mühafizəsinə yönəltməliyik. Bu da ayrı-ayrı fərdlərə, cəmiyyətlərə və hökumətlərə birbaşa təsir edən texnologiyaların dərindən əxz olunmasını və yeni təfəkkür tərzini (sistem təfəkkür) tələb edir. Qeyri-xətti təfəkkür qaçılmazdır.

4-cü Sənaye İnqilabı cəmiyyətin inkişafına ümidlər yaradır. Buna nail olmaq üçün 3 mühüm şərtə əməl etmək lazımdır: birincisi, texnologiyaların rifaha xidmət etməsi üçün ədalətli paylanmasıdr, ikincisi, neqativ effektlərdən yaxa qurtarmaq lazımdır və üçüncüsü, yeni texnologiyaların imkanları dayanmadan genişləndirilməlidir.

4-cü Sənaye İnqilabının texnologiyaları bir-biriləri ilə əlaqələdir. Onlar rəqəmsal imkanları genişləndirirlər və bir-birilərini tamamlamalıdırlar. Bunun üçün biz texnologiayalara sadə alətlər kimi baxmamalıyıq. Bunun əvəzində biz başa düşməyə çalışmalıyıq ki, onlar dəyərlərlə necə uzlaşırlar? Və onlardan necə istifadə etməliyik ki, rifaha xidmət etsinlər.

Beləliklə 4-cü Sənaye İnqilabı bütün sahələrdə olduğu kimi jurnalistlərdə də sistem təfəkkürün formalaşmasını və dəyərlərin qorunmasını tələb edir. Müasir medianın əsas paradiqmaları bunlar olmalıdır.

4-cü Sənaye İnqilabının “Etik kodeksi”ndə yazılır:

“İctimayyətlə əlaqələri dəstəkləyin. Məsul rəhbərliyi mütəmadi olaraq məlumatların və məsləhətlər aparın. Bu faktlara söykənən qərar qəbul etməyə köməklik göstərəcək. Himayəçi olun, potensiallarını realizə etmək istəyənlərlə təcrübənizi bölüşün və kollektivin inkişafına çalışın.”

Qeyd edilənləri kommunikasiyanın əsas prinsipləri kimi də dəyərləndirmək olar…

Kənar effektlərin idarə olunması və humanist gələcəyə zəmanət verilməsi bu inqilabın əsas fəlsəfəsidir.

Bununla yanaşı çap mediasının da inkişafı nəzərdən qaçmamalıdır. Qəzet həm də arxivdir. Bütün dünyada arxivlər qorunur. Biz Yeni Medianın arxivini də qorumalıyıq.

Milli Mətbuat Günümüz mübarək!

Etibar Əliyev

Milli Məclisin deputatı

***

Milli Mətbuat Gününüz mübarək!

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.Bu əlamətdar gündə 148 il öncə-1875-ci il iyulun 22-də “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyan,XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz simalarından olan, milli maarifçilik, milli oyanış, milli dirçəliş ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmiş, maarif və mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş, adını milli mədəniyyət tariximizə əbədi həkk etmiş, Azərbaycanın fikir və əməl adamları sırasında özünmxsus layiqli yeri olan əsl maarif mücahidi Həsən bəy Zərdabinin əziz ruhuna sayğılarla, dostluğumda olan media mənsublarını “Milli Mətbuat günü” münasibətilə səmimi qəlbdən təbrik edir,sizlərin timsalında Həsən bəy Zərdabinin əsasını qoyduğu təməl ideyalara sadiq, media aləmində özünəməxsus layiqli yeri və mətbuatımızın inkişafında rolu olan güclü, demokratik, müstəqil dövlət ideyasının cəmiyyətin bütün təbəqələrinin rifahı ilə tamamlanması,cəmiyyətin problem və qayğılarını işıqlandırmaq missiyasını öndə tutan media mənsublarını ürəkdən təbrik edir,möhkəm can sağlığı, bu çətin və şərəfli işinizdə davamlı uğurlar, o cümlədən yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Bu əlamətdar gündə Qarabağ müharibələrində həm ön, həm informasiya müharibəsi müstəvisində döyüşən, vətənpərvərlik hisslərinin yüksəlməsinə xidmət edən jurnalistlərə böyük sayğılar.Şəhid jurnalist və mətbuat nümayəndələrimizin ruhu şad olsun

Milli Mətbuat Gününüz mübarək olsun!

Əli Məsimli

Milli Məclisin deputatı

****

Hörmətli mətbuat nümayəndələri, dəyərli jurnalistlər, əziz dostlar! Milli Mətbuat Gününüz mübarək! Həsən bəy Zərdabi irsinə sadiq qalaraq, millətimizin mənafeyi naminə uğurlu fəaliyyət arzu edirəm. Zehniniz açıq, qələminiz iti, sözünüz kəsərli olsun.

Bayramınız mübarək!

Pərvin Kərimzadə

Milli Məclisin deputatı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir