Deputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun
konfransında iştirak edəcəklər
Milli Məclisin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev və deputat Tural Gəncəliyev təşkilatın İpək Yoluna Dəstək Qrupunun 4-cü beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Tədbirdə “Böhran dövründə təminat zəncirlərinin davamlılığı və qida təhlükəsizliyi”, “Davamlı ətraf mühit və inkişaf üçün enerji təhlükəsizliyi” mövzularında müzakirələr aparılacaq. ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyevin moderatorluq edəcəyi yekun iclasda İstanbul Bəyannaməsi qəbul ediləcək.
Konfrans çərçivəsində “İpək Yolu marşrutunda iqtisadi imkanlar” mövzusunda biznes-forum keçiriləcək.
Deputatlarımız konfransda müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.
Səfər oktyabrın 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi