Deputat: “Sənədsiz evlərin sayı çoxdur”
“Sənədsiz evlərin sayı həqiqətən çoxdur. Xüsusilə, paytaxtda belə evlər çoxluq təşkil edir. Bu problem Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Belə ki, 2011-ci ildə keçirilən müşavirədə Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə tapşırıq vermişdi”.
“Turanın səsi” xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, həmin tarixdən etibarən hökumət tərəfindən bir sıra tədbirlər görülüb:
“Belə ki, 2015-2019-cu illərdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb. Həmin dəyişiklərin icrası nəticəsində təxminən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib. Bu fəaliyyət davam etdirilməlidir. Hələ də sənədsiz evlər çoxdur. İqtisadiyyat Nazirliyi tərəfindən ölkə üzrə inventarlaşdırılma prosesinə başlanılıb. Təəssüflər ki, bu proses 2019-cu ilə qədər davam edib. Pandemiya səbəbindən müəyyən ləngimələr olub. Ümid edirəm ki, bu proses davam etdiriləcək. Sənədsiz evlərin sənədləşdirilməsi bir çox problemlərin həllinə kömək edə bilər. Bu, daşınmaz əmlak bazarını canlandırar”.