DEPUTAT : “Regional liderlikdən qlobal liderliyə doğru gedən yolumuz haqqında bir neçə söz… “
Ölkəmizin iqtisadi, siyasi qüdrəti, beynəlxalq mövqeyi qlobal layihələrdə iştirakı ilə daha da güclənir. Prezident İlham Əliyevin mükəmməl xarici siyasət kursu birbaşa dövlətimizin inkişafına, ərazi bütövlüyümüzün təminatına, suverenliyimizin güclənməsinə, geopolitik mövqeyimizin yüksəlməsinə xidmət edir.
“turanın səsi ” xəbər verirki, bu barədə Milli Məclisin deputatı , Tibb elmləri doktoru , Əməkdar həkim Rəşad Mahmudov deyib.
Bakı Ekspo Mərkəzində Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı ilə Azərbaycanın iqtisadi qüdrətini dünyaya nümayiş etdirən Prezident İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi”- nin 2-ci Zirvə toplantısına qatılması ilə bir daha beynəlxalq diqqəti ölkəmizi cəlb etdi. Çünki hər üç mühüm beynəlxalq tədbirdə Azərbaycan aparıcı və xüsusi mövqeyə sahib dövlət statusunda çıxış edirdi. Siyasi dialoq, əməkdaşlıq, bununla yanaşı, qitənin təhlükəsizliyinin, sabitliyinin təmin olunması baxımından nüfuzlu platforma rolunu oynayan “Avropa siyasi birliyi”-nin Zirvə toplantısında ölkəmizin ikinci dəfə təmsil olunması Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun göstəricisi, qlobal liderlik keyfiyyətlərinin təsdiqi idi.
50-yə yaxın ölkənin dövlət və hökumət başçılarının qatıldığı sammitdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi əsas müzakirə mövzusunu təşkil edirdi.
Ölkəmizin xarici siyasət kursuna nəzər yetirdikdə məlum olur ki, Avropa İttifaqına daxil olan ölkələrlə əlaqələr əsas istiqamətlərdən birinə çevrilib. İrimiqyaslı qlobal iqtisadi layihələrini reallaşdırmaqla Avropanın enerji xəritəsini dəyişən Azərbaycan, eləcə də siyasi anlamda da qitənin təhlükəsizliyinə töhfələrini vermək əzmində və gücündədir. Kişineuda keçirilən sammitdə də bu amil bir daha özünü göstərdi. Dövlətimizin gücü, həmçinin, dünya tərəfindən Prezident İlham Əliyevin liderliyinin qəbul olunması “Avropa siyasi birliyi”- nin 2-ci Zirvə toplantısının açılış mərasimindən sonra keçirilən beştərəfli görüşdə də öz təsdiqini tapdı. Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqının prezidenti Şarl Mişellə, daha sonra Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronun da qatıldığı qeyri-rəsmi görüşü Cənubi Qafqazda sülhyaratma təşəbbüsləri üçün ciddi müzakirələrin aparıldığı toplantı sayılmalıdır. Bir çox politoloqlar Türkiyənin də bu masada yer almasının vacibliyini önə çəkir. Doğurdan da, həm Qafqazda maraqları olan dövlət kimi, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mühüm rol oynayan tərəf kimi Türkiyənin də görüşdə iştirakı vacib sayıla bilər. Eyni zamanda, hər zaman açıq şəkildə Ermənistanın haqsız mövqeyini müdafiə edən Fransa prezidentinin bu toplantıda olması Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin də iştirakını zəruri edirdi. Amma görüşün gedişi, aparılan müzakirələr və ictimaiyyətə verilən açıqlamalar onu göstərir ki, çağdaş dünya siyasi düzəninin az sayda liderlərindən olan Azərbaycan Prezidenti bu format daxilində belə ölkəmizin mövqeyini qəbul etdirmək gücünə və bacarığına malikdir. Belə ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdən sonrakı bəyanatında qeyd olunan təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı məsələlər tamamilə Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bununla yanaşı, cənab Mişel Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətini də açıq şəkildə ifadə etdi.
Görüşdən sonra Ermənistan baş nazirinin işğal altında olan Azərbaycan kəndlərinin geri qaytarılmasını, ölkəmizin ərazi bütövlüyünü tanımasını detallı ifadə etməsi də onu göstərir ki, Kişineu görüşündə Azərbaycan lideri Zəfər savaşındakı hərbi qələbəni diplomatik müstəvidə davam etdirməkdədir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident Əliyevi və baş nazir Paşinyanı “Avropa siyasi birliyi”-nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etməsi sülh prosesinin sürətli davam etdirilməsini və Azərbaycanın mövqeyinin qəbul ediləcəyini göstərir.
Son proseslər Azərbaycanın geopolitik mövqelərinin gücləndiyini və dövlətimizin maraqları ilə hər kəsin hesablaşdığını bir daha göstərir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət Azərbaycanın regional liderlikdən, qlobal liderliyə keçidini reallaşdırmaqdadır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI