Deputat: “Qırmızı Xaç Komitəsinin Xankəndidəki nümayəndəliyi Yerevan deyil, Bakıdakı ofisə bağlanmalıdır”
Ermənistanla dövlət sərhədinin Laçın hissəsində sərhəd-keçid məntəqəsinin quraşdırılmasından sonra Azərbaycan ərazisinə bütün qeyri-qanuni daxilolmaların və yük daşımalarının qarşısı alınacaq. Məlumdur ki, 2020-ci ilin Vətən müharibəsindən sonra və xüsusilə Azərbaycan ekoloqlarının Laçın-Xankəndi yolunda etiraz aksiyası başlayandan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də bu prosesdə fəal iştirak edir. Artıq separatçıların “dövlət naziri” Qurgen Nersesyan bəyan edib ki, sərhəd-keçid məntəqəsi quraşdırılan gündən BQXK Qarabağdakı ermənilər üçün nəzərdə tutulmuş yük daşımalarını həyata keçirə bilmir. Laçında gömrük və sərhəd prosedurları fəaliyyətə başlayandan sonra bu proses necə tənzimlənəcək? Millət vəkili Elnur Allahverdiyev hesab edir ki, BQXK-nin Xankəndi ofisi Yerevandakı nümayəndəliyə deyil, Bakıdakı təmsilçiliyinə tabe olmalıdır:
– Bu məsələnin çox asan yolu var: Qırmızı Xaç Komitəsinin Xankəndidəki nümayəndəliyi Yerevan deyil, Bakıdakı ofisə bağlanmalıdır. 2020-ci ilin müharibəsindən sonra regionda vəziyyət tamamilə dəyişib və yeni reallıqlar meydana gəlib. Düşünürəm ki, Qırmızı Xaç da bu reallıqları nəzərə almalı və son 30 ilin praktikasından imtina etməlidir. Gerçəklik budur ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib, bütün nəqliyyat-kommunikasiya sistemini nəzarətə götürüb, işğaldan azad edilmiş torpaqlarımızda qanunlarımız və Konstitusiyamız işləyir. Hər bir dövlətin sərhədləri var və ərazi bütövlüyünə hörmət edilməlidir. Qırmızı Xaç da bunu nəzərə almalı, fəaliyyətini Yerevandakı nümayəndəliyi ilə deyil, Bakıdakı ofisi ilə qurmalıdır.
– Belə olan halda komitənin indi gördüyü işlər, məsələn, humanitar yüklərin daşınması, oradakı ermənilərin tibbi yardım və dərmanlarla təminatı necə olacaq?
– Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Qarabağdakı erməni əhali bizim vətəndaşlardır və ölkəmizə, xalqımıza qarşı cinayətlərdə iştirak etməyən insanlar vətəndaşlığımızı bərpa edib hamı kimi yaşaya bilər. Dövlətimiz ən yüksək səviyyədə bu prosesə təminat verir. Bu təminat qeyd etdiyiniz məqamların həll yoludur. Dövlətimiz ekoloqların aksiyası başlayan gündən bir neçə dəfə bildirib ki, oradakı əhalinin bütün humanitar ehtiyaclarını ödəməyə hazırdır. Söhbət ərzaq təminatından tutmuş tibbi ləvazimatlara qədər hər bir yardımdan gedir. Xatırlayırsınızsa, bizim təcili-tibbi yardım heyətimiz erməni sakinə yardım edib onu Xankəndidəki xəstəxanaya da çatdırmışdı. Bu, bütün suallara əyani cavabdır. Dərman lazımdırsa, Qırmızı Xaç Bakı ofisi ilə koordinasiyalı şəkildə bu problemi həll edə bilər. Belə olmalıdır. Bizim nə dərman ehtiyatımız Ermənistanınkından azdır, nə də şükürlər olsun ki, ərzağımız. Bu kimi suallar reinteqrasiya prosesinin həll edəcəyi məsələlərdir. Bu kontekstdə Qırmız Xaç da öz fəaliyyətinə əl gəzdirməlidir.
– Sizcə bütün bunları həyata keçirmək üçün nə qədər vaxt lazım olacaq?
– Bilirsiniz, proseslər elə sürətlə cərəyan edir və elə bir mərhələdədir ki, çıxış yolu birdir: reallığı qəbul etmək. Nə Ermənistandakılar süni maneələr yaratmağa cəhd etməlidir, nə də Qarabağdakı ermənilər nəyəsə ümid edib özlərini aldatmalıdırlar. Gerçəkliklə razılaşmalı, vətəndaşlığımızı qəbul etməli və sakit həyatlarını yaşamalıdırlar. Qalan məsələləri Azərbaycan dövləti həll edəcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI