DEPUTAT : “Moskva görüşü haqqında bir neçə söz “
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iradəsi ilə həyata keçirilən mükəmməl xarici siyasət kursu ölkəmizin bütün geopolitik platformalarda yüksək mövqeyini təmin etməkdədir. Bu gün Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğu bəllidir. Eyni zamanda, ölkəmiz Türk dünyasında, eləcə də İslam aləmində mühüm iqtisadi, üstün siyasi mövqeyə sahiblənib.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı , tibb elimləri doktoru Rəşad Mahmudov deyib.
Bütün bu uğurların dövlət başçısının balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin mükəmməl vəhdətinin nəticəsi olduğu bəllidir.
Dövlət başçısının Rusiya Federasiyasına səfəri, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində idi.
Əvvəlcə onu qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə məlum bəyanatları Azərbaycanın həm diplomatik, həm də hərbi qüdrətinin təsdiqi kimi qəbul olunmalıdır. Ermənistan bütün xarici havadarlarının dəstəyinə rəğmən Azərbaycanın gücü qarşısında geri çəkilməsi ölkəmizin regionda yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu qeyd etməklə növbəti dəfə ölkəmizin sülh, sabitlik istəyini ifadə etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Zirvə görüşündə iştirakı Azərbaycan liderinin barış, humanizm prinsiplərinə sədaqət nümunəsi kimi xarakterizə olunmalıdır.
Prezident İlham Əliyev Rusiyalı həmkarı ilə görüşündə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatını şərh edərək bildirdi ki, konkret rəqəmlər göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.
Artıq rəsmi İrəvan xəstə şovinist iddiaların bu ölkəni məhvə apardığını, yeganə qurtuluşun Azərbaycanın haqlı şərtlərinə boyun əymək olduğunun fərqindədir.
Bu reallığın nəticəsi kimi sərhədlərin dövlətlərarası sərhədlər qismində tanındığı 1991-ci ilin Alma-Ata Bəyannaməsinin qarşı tərəfindən artıq qəbul olunması bütövlükdə diplomatiyamızın uğurudur. Məhz bu uğur modelinin müəllifi Müzəffər Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” şüarını rəsmi İrəvana da qəbul etdirmiş oldu.
Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI