DEPUTAT : “Hər il 9 May tarixi – faşizm üzərində Qələbə respublikamızda təntənə ilə qeyd olunur “
Faşist Almaniyasının 1941-ci ildə SSRİ yə qarşı müharibəyə başlamasından dərhal sonra Azərbaycanın minlərlə oğul və qızları könüllü olaraq hərbi komissarlıqlara müraciət edərək cəbhəyə yollandılar.
Bu barədə ” turanın səsi ” nə müsahibəsində Milli Məclisin deputatı , professor Kamilə Əliyeva deyib.
Evdar qadınlar, yeniyetmələr, yaşlı insanlar da səfərbər olaraq istehsalatda işləməyə başladılar. Azərbaycanda 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 11 milli qvardiya yaradıldı. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində ümumilikdə 600 mindən çox azərbaycanlı döyüşlərdə iştirak etmişdir. 170 mindən çox əsgər və zabitlərimiz SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunublar. Azərbaycanlılardan ibarət yaradılmış milli deviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. İgid övladlarımız Moskvanın, Leninqradın, eləcə də yüzlərlə şəhər və kəndlərin azad olunmasında böyük rəşadət göstəriblər. Polşanın, Yunanıstanın, Çexiyanln və digər ölkələrin azad olunmasında iştirak ediblər.
İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş həmvətənlərimizin adları dillərdə əzbər olmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanovun, eləcə də Sovet İttifaqı Qəhramanı adına layiq görülmüş qəhrəman həmvətənlərimizin göstərdikləri qəhrəmanlıqlar tarixə düşmüşdür.
Ziya Bünyadovun başçılıq etdiyi bölük Polşada qeyri bərabər döyüşdə düşmənə qalib gəlib və bu qəhrəmanlığına görə həmyerlimizə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Faşizm ilə mübarizədə 121 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb ki, onlardan da 43 nəfəri azərbaycanlı olub, eləcə də 30 nəfər “Şöhrət” ordeninin tam üç dərəcəsinə layiq görülüb və onların da 15 nəfəri azərbaycanlı olub.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində SSRİ nin qalib gəlməsində Azərbaycanda hasil olan neftin və azərbaycanlı neftçilərin müstəsna əhəmiyyəti olmuşdur. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə yeni aviasiya benzini almaq üçün texnologiya hazırlanmış və 300-dən çox mühüm ixtira işlənib ərsəyə gətirilmişdir. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunmuşdur ki, bu da SSRİ də istehsal olunan neftin 71,4 faizini təşkil edirdi. Müharibə dövründə hər 5 təyyarədən, 5 tankdan 4-ü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci il müharibəsində Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən, benzinin 80 faizindən çoxu Azərbaycanda hasil olunmuşdur.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə də azərbaycanlılar böyük qəhrəmanlıqlar göstərmişdir. Bakıdakı müəssisələrin gücünün 95 faizi hərbi texnika, hərbi silah sursat istehsalına yönəlirdi. Azərbaycanda bütün sahələr cəbhə üçün işləyirdi. Qadın və qızlarımız cəbhədəki əsgərlər üçün gecə gündüz isti əlcək və paltar toxuyurdular.
İkinci Dünya müharibəsində SSRİ-nin faşizm üzərində qələbə qazanmasında istər ön cəbhədə vuruşan, istərsə də arxa cəbhədə çalışan azərbaycanlılar böyük qəhrəmanlıq və şücaət göstərmişdilər.
Hər il 9 May tarixi – faşizm üzərində Qələbə respublikamızda təntənə ilə qeyd olunur. Prezident cənab İlham Əliyev hər il Qələbə Günündə xalqımızın qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general – mayoru Həzi Aslanovun abidəsini ziyarət edir, müharibə veteranları ilə görüşür, onları bayram münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident cənab İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalaması ənənə halını alıb.
Ulu öndər Heydər Əliyev 1941-1945-ci illərdə azərbaycanlıların İkinci Dünya müharibəsində göstərdikləri qəhtrəmanlıqları yüksək qiymətləndirmiş, Azərbaycan vətəndaşlarının Qələbənin əldə olunmasında böyük fədakarlıq göstərdiklərini vurğulamış, müharibə veteranlarına qayğı və diqqət göstərilməsi hər birimizin borcu olduğunu qeyd etmişdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI