DEPUTAT : “Azərbaycan Avropanın təkcə enerji deyil, bir sıra digər sahələrdə də etibarlı partnyorudur “
Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Qoca qitə Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. Xüsusilə də Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında vacib tərəfdaşa çevirib. Bu gün Azərbaycan Avropanın təkcə enerji deyil, bir sıra digər sahələrdə də etibarlı partnyorudur.
“Turanın səsi ” xəbər verir ki , bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.
Prezident İlham Əliyevin Bolqarıstana səfəri və səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılmış mühüm addımdır.
O qeyd edib ki, Azərbaycan-Bolqarıstan münasibətləri hər zaman yüksək səviyyədə olub: “Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Ötən il ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümü qeyd olundu. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə keyfiyyətcə daha yüksək mərhələyə qalxıb. Onu da qeyd edək ki, son dərəcə vacib əhəmiyyət daşıyan bu sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib”.
Onun sözlərinə görə, aprelin 25-də imzalanan Anlaşma Memorandumu “Həmrəylik Halqası” təşəbbüsünün reallaşması üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Təsadüfi deyil ki, Həmrəylik Halqasının reallaşmasında ölkəmiz həlledici rol oynayır. Həmrəylik Halqası ilə bağlı atılan addımlar, TAP layihəsindən sonra Prezident İlham Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir. Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihələrin icrası ilə Azərbaycan 10-dan artıq Avropa ölkəsinin enerji təminatına töhfə verəcək.
“Bütün bunları nəzərə alaraq deməliyik ki, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr üçün nümunədir. Dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından çox şey öyrənir. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu ölkə kimi dünya böyük nüfuza və gücə malikdir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən çəkilir. Və bu xəritənin çəkilməsində Azərbaycan ən mühüm aktorlardan biridir”, – deyə deputat əlavə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI