Çili senatorları Şuşa və Xankəndi şəhərlərində olublar

Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində sentyabrın 27-də Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.
Xankəndiyə çatan senatorlar saat 12-də burada Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Oradan Şuşaya gələn Çili parlamentarilərini Şəhər Meydanında Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşları qarşılayıblar.
Şuşa ilə tanışlıq Şəhər Meydanından başlayıb. Senatorlara burada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.
Sonra qonaqlar Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Şuşanın Qala divarlarını seyr ediblər, İsa bulağına baş çəkiblər, Cıdır düzünə qalxıblar.


Arzu Paşaqızı