Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında
Yanvarın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyinə 4 məsələnin – payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının layihəsinin və bir sıra qanun layihələrinin daxil edildiyini diqqətə çatdırıb.
Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl dünyada baş verən mürəkkəb geosiyasi prosesləri dəyərləndirən Səməd Seyidov, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən gün Davos Ümumdünya İqtisadi Forumunda beynəlxalq və regional təhlükəsizlik, qlobal nizam məsələlərinə dair səsləndirdiyi mühüm fikirlərdən bəhs edib, bu yanaşmaların mövcud geosiyasi reallıqlar baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycanın regionda və beynəlxalq müstəvidə artan nüfuzunu qeyd edən komitə sədri, ölkəmizin Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunmasını mühüm və əlamətdar hadisə adlandırıb.

Arzu Paşaqızı