Azərbaycan və Türkmənistan parlamentləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

0

Türkmənistanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Görüşdə parlamentlərimiz arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Türkmənistanın dost və qardaş Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirən Qurbanqulu Berdiməhəmmədov deyib ki, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü tamam olur. Bu illər ərzində ölkələrimiz bir sıra sahələrdə, o cümlədən, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə  uğurlu əməkdaşlıq əlaqələri qurub. O, son illərdə ölkələrimiz arasında ticarət və iqtisadi göstəricilərin daha da yüksəldiyini, bununla belə, əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. 

Azərbaycanla Türkmənistanın bir çox beynəlxalq platformalarda da əməkdaşlıq etdiyini deyən Xalq Məsləhətinin sədri, o cümlədən, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığa diqqət çəkib. O, Azərbaycanın təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasının önəmini qeyd edib və bildirib ki, Türkmənistan Şəbəkənin işində fəal iştirak etmək niyyətindədir. Vurğulanıb ki, təşkilatın Bakıda keçirilən birinci konfransında Türkmənistan Milli Qenqeşi Məclisi sədrinin iştirakı bunun təsdiqidir.

Hazırda parlament diplomatiyasının beynəlxalq münasibətlər sistemində əhəmiyyətinin daha da genişləndiyini bildirən Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın bu istiqamətdə fəaliyyətə böyük əhəmiyyət verdiyini vurğulayıb. O, Azərbaycan və Türkmənistan arasında parlamentlərarası əlaqələrin daha da genişləndiyinə diqqət çəkərək, bu səfərin də qanunverici orqanlar arasında əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib. 

Göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycanla qardaş Türkmənistan arasındakı münasibətlərin bugünkü səviyyəsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məmnunluq doğurur. O, münasibətlərimizin yüksək səviyyəyə yüksəlməsində iki ölkənin dövlət başçılarının rolunu xüsusi qeyd edib. Azərbaycan və Türkmənistanın bir çox sahələrdə əməkdaşlıq etdiklərini bildirən parlamentin spikeri xüsusən energetika, nəqliyyat sahələrində əlaqələrin uğurla inkişafını qeyd edib. 

Milli Məclisin sədri deyib ki, Azərbaycanla Türkmənistan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında çox səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Türkmənistana ilk rəsmi səfəri olduğunu bildirən spiker Sahibə Qafarova inamını ifadə edib ki, bu səfər parlamentlərimiz və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcək.

Azərbaycanla Türkmənistanın beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini xatırladan Milli Məclisin sədri, o cümlədən, beynəlxalq parlament təşkilatlarında da uğurlu əməkdaşlığı qeyd edib. O, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əlaqələrin əhəmiyyətini vurğulayıb. Spiker Sahibə Qafarova xatırladıb ki, Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə təsis olunub. Onun ilk konfransı bu ilin iyun ayında Bakıda keçirilib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti konfransının gələn ilin martında Manama şəhərində keçirilməsi planlaşdırılır. O, tədbirə hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib, Azərbaycanın bu təşkilatın institusional inkişafı istiqamətində atdığı addımlar barədə danışıb.

“Turanın səsi” xəbər verir ki , Görüşdə 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə, öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi və ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra regionda yeni yaranmış vəziyyət barədə məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb. Azad edilmiş ərazilərdə ağıllı şəhərlər və ağıllı kəndlər tikilir, infrastruktur və nəqliyyat layihələri icra edilir. Hazırda keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar. Parlamentin spikeri deyib ki, Azərbaycan regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində bütün lazımi səyləri göstərir. Lakin Ermənistan destruktiv mövqe nümayiş etdirərək bu prosesə mənfi təsir göstərən addımlarını davam etdirir.

Qeyd edək ki, görüşdə Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı, deputatlardan Əziz Ələkbərov, Jalə Əliyeva, Şahin İsmayılov, Vahid Əhmədov, Cəbi Quliyev, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

Görüş başa çatandan sonra Azərbaycan Milli Məclisi ilə Türkmənistan Milli Qenqeşi Xalq Məsləhəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Türkmənistan Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov imzalayıblar. Qeyd olunub ki, bu sənəd iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin daha da genişləndirilməsinə imkan verəcək.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir