Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktına Milli Məclisinin münasibəti
Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir.
“Turanın səsi ” xəbər verir ki , Bu xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.
Təəssüflə qeyd edilməlidir ki, son dövrdə İran İslam Respublikasında ölkəmizə qarşı qarayaxma və hədə-qorxu kampaniyasına geniş rəvac verilmişdir. Bununla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı ehtimal oluna bilən hücumlara yol verməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi İran hüquq mühafizə orqanlarının diqqət mərkəzində olmalı idi. Belə bir şəraitdə silahlı şəxsin xüsusi mühafizə rejimi tətbiq edilən Səfirliyin inzibati binasına maneəsiz daxil ola bilməsi ciddi suallar doğurur.
Biz İran tərəfindən bu qəddar hücumun səbəbləri barədə verilən bəyanatları qeyri-qənaətbəxş hesab edirik. Bu terror aktının hərtərəfli və dərindən araşdırılmasını, bütün təqsirkarların və qanlı cinayət əməlinin arxasında dayananların müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını, eləcə də diplomatik nümayəndəliyə qarşı qəbuledilməz olan terror hücumuna gətirib çıxarmış halların aşkar olunmasını tələb edirik.
Hamıya məlumdur ki, Azərbaycan uzun illərdən bəri terror aktlarına məruz qalan ölkədir. Ancaq bu qanlı cinayət əməllərinin nəticələri nə qədər ağır olsa da, Azərbaycan dövlətini müstəqil daxili və xarici siyasət yolundan geri döndərə bilməmişdir və döndərə də bilməz. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının sifarişçiləri, təhrikçiləri və icraçıları da əmin olsunlar ki, heç bir halda öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
Səfirliyin və Səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olmuş şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.
Azərbaycan Respublikasının Milli Məclisi
Bakı şəhəri, 27 yanvar 2023-cü il