Azərbaycan Respublikası Milli Məclisi deputatlarının açıq məktubu
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalının aradan qaldırılması və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası öz suveren hüququnu həyata keçirərək, həmin yolun Ermənistanla sərhəddə olan girişində nəzarət-buraxılış məntəqəsi qurmuşdur.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qeyd edilməlidir ki, Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazidə yaşayan erməni sakinlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə bu yoldan maneəsiz istifadə etmək imkanına malikdirlər. Özlərini Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri kimi təqdim edən təxribatçıların və Ermənistan Respublikasının siyasi rəhbərliyinin yüklərin daşınması üçün yalnız Laçın yolunun üzərində dayanması məsələnin bilərəkdən siyasiləşdirilməsi və propaqanda kimi istifadəsi edilməsi məqsədi daşıyır. Əgər həqiqətən də söhbət humanitar yükdən gedirsə, yüklərin hansı yoldan istifadə edilməklə və haradan gəlməsinin nə əhəmiyyəti var?!
Azərbaycan hökuməti Qarabağın erməni sakinlərinin ehtiyaclarını operativ şəkildə qarşılamağa hazır olduğunu bəyan edib, o cümlədən ərzaq, dərmanlar və digər humanitar yüklərin daşınması üçün Azərbaycan Ağdam-Xankəndi yolunu təqdim etmişdir. Bu, həm də Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası üçün zəruri və qaçılmaz addımdır.
Hesab edirik ki, beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edən istənilən dövlət Azərbaycanın öz milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördüyü zəruri tədbirləri qəbul edir.
Xarici ölkələrdə bəzi həmkarlarımızın ifadə etdikləri narahatlığa gəlincə, biz onları obyektiv faktları nəzərə almağa çağırırıq. Qarabağda humanitar vəziyyət Ermənistan rəsmilərinin və onların təbliğatına aldananların təsvir etdiyi kimi deyildir, yaranan qıtlıq və ya çatışmamazlıq Ağdam-Xankəndi marşrutundan istifadə edilməsindən imtina olunması ilə bağlıdır.
Azərbaycanda yaşayan bütün milli azlıqların hüquqlarının və təhlükəsizliyinin qorunmasına Konstitusiya və qanunlar ilə təminat verilir. Etnik ermənilərə də Azərbaycanın qayda-qanunlarına tabe olmaq üçün seçim hüququ təklif olunmuşdur.
Biz Azərbaycanın suverenliyinə hörmət bəslənilməsi zərurətini anlayan xarici tərəfdaşların dəstəyini yüksək qiymətləndiririk.
Təəssüflər olsun ki, erməni lobbisinin təsiri və müdaxiləsi nəticəsində fransalı deputatlar mütəmadi olaraq məsələnin mahiyyətini təhrif edən mövqe tutaraq, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Onların qərəzli fəaliyyəti və açıqlamaları məqsədyönlü şəkildə Avropa siyasi məkanını çaşdırmağa yönəlmişdir.
Son 3 ilə yaxın dövrdə Fransanın dövlətimizin daxili işlərinə qanunsuz müdaxilə etmək üçün erməni milli azlığının hüquqları və təhlükəsizliyi məsələsindən dəfələrlə sui-istifadə etdiyini, o cümlədən budəfəki süni gərginlikdən yararlanmağa cəhd göstərdiyini nəzərə almaqla, biz Fransa hakimiyyət orqanlarının diqqətini özlərinin daxili problemlərinə, habelə ölkədə hökm sürən ksenofobiya, islamofobiya, irqi və milli nifrət mühitinə, iyrənc müstəmləkə keçmişinin hələ də mövcud olan qalıqlarına cəlb etmək istərdik. Fransada qeyri millətlərdən olan şəxslərin insan hüquqlarına etinasızlığın hökm sürməsi məlum faktdır və bu baxımdan həmin ölkənin icra və qanunvericilik orqanları nümayəndələrinin Azərbaycanda yaşayan erməni sakinlərinin maraqları üçün canfəşanlıq göstərməsi siyasi riyakarlıqdan başqa bir şey deyildir.
İşğal etdiyi Korsika adasında korsika xalqının dilini tanımayan, dənizaşırı ərazilərində müstəmləkəçilik siyasəti yürüdən, həmin xalqların hüquq və azadlıqlarına hörmət etməyən Fransa, yeni kolonializm təfəkküründən əl çəkmək istəmir. Son günlər Afrikada Fransa əleyhinə baş verən hadisələr də Fransanın yeni müstəmləkə siyasətinin iflasa uğradığını bir daha sübut edir. Etnik azlıq anlayışının Fransada qəbul edilməməsi fonunda digər regionlarda hansısa azlıq üçün xüsusi hüquqlar tələb etmək siyasi riyakarlıqdır.
Fransanı qonşusu Almaniyadan nümunə götürərək törətdiyi qətliamları etiraf etməyə, həmin xalqlara kompensasiya verməyə çağırırıq. Fransalı deputatlar özlərində cəsarət taparaq, öz hökumətindən müstəmləkə altında saxladığı xalqlardan üzr istəməyi tələb etməlidirlər. Fransalı deputatları öz ölkələrinə aid olmayan siyasi məsələlərə deyil, Fransanın yürütdüyü yeni kolonializm siyasətinə qarşı mövqe nümayiş etdirməyə səsləyirik.
Müharibə cinayətləri törədən şəxsin Fransa deputatları və rəsmiləri tərəfindən müdafiə edilməsi, onun azad olunmasına çağırışlar etmək müharibə cinayətlərinə, insanlıq əleyhinə cinayətlərə bəraət qazandırmaqdır. Özünü hüquqi dövlət adlandıran Fransa rəsmilərinin belə tələblər irəli sürməsi insanlığa, mənəviyyata sığmayan çağırış, həmçinin beynəlxalq humanitar hüquqa hörmətsizlikdir.
Biz bildiririk ki, Ermənistandakı revanşist qüvvələrin köhnə təsəvvürlərdən və şovinist ideologiyadan əl çəkə bilməməsi heç də erməni xalqının xeyrinə deyildir. Fransanın da bu revanşizmi təşviq etməsi, ilk növbədə erməni sakinlərinə ziyan vurur. Onların yalan təbliğat yolu ilə Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün göstərdikləri cəhdlər uğursuzluğa məhkumdur.
Azərbaycan bölgədə sülh və sabitlik yaradılması üçün konstruktiv dialoqa sadiq olduğunu dəfələrlə nümayiş etdirmişdir. Hər kəs anlamalıdır ki, xalqların dinc gələcəyinin qurulması yolu suveren dövlətlərin daxili işlərinə müdaxilədən deyil, həqiqi əməkdaşlıqdan keçir.
- Adil Əliyev – bitərəf
- Əhliman Əmiraslanov – Yeni Azərbaycan Partiyası
- Hicran Hüseynova – Yeni Azərbaycan Partiyası
- Qənirə Paşayeva-bitərəf
- Səməd Seyidov – Yeni Azərbaycan Partiyası
- Eldar İbrahimov – Yeni Azərbaycan Partiyası
- Eldar Quliyev – bitərəf
- Qüdrət Həsənquliyev – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
- Hikmət Məmmədov – Yeni Azərbaycan Partiyası
- Tahir Kərimli – Vəhdət Partiyası
- Asim Mollazadə – Demokratik İslahatlar Partiyası
- Elşən Musayev – Azərbaycan Demokratik Maarifçilik Partiyası
- Musa Qasımlı – bitərəf
- Fazil Mustafa – Böyük Quruluş Partiyası
- Fəzail Ağamalı – “Ana Vətən” Partiyası
- Sevinc Fətəliyeva – Yeni Azərbaycan Partiyası
- Ramin Məmmədov – Yeni Azərbaycan Partiyası
- Kamal Cəfərov – Yeni Azərbaycan Partiyası
- Nurlan Həsənov – Yeni Azərbaycan Partiyası
- Sədaqət Vəliyeva – Yeni Azərbaycan Partiyası
- Elnur Allahverdiyev – Yeni Azərbaycan Partiyası
- Erkin Qədirli – Respublikaçı Alternativ Partiyası (REAL)
- Sabir Rüstəmxanlı – Vətəndaş Həmrəyliyi Partiyası
- Razi Nurullayev – Milli Cəbhə Partiyası
- Kamran Bayramov – Yeni Azərbaycan Partiyası
- Rauf Əliyev – Yeni Azərbaycan Partiyası
- Elman Nəsirov – Yeni Azərbaycan Partiyası
- Elman Məmmədov – Yeni Azərbaycan Partiyası
- Arzu Nağıyev – bitərəf
- Rasim Musabəyov – bitərəf
- Cavanşir Feyziyev – bitərəf
- Soltan Məmmədov – bitərəf
- Nigar Arpadarai – bitərəf
- Əminə Ağazadə – bitərəf
- Sevil Mikayılova – bitərəf
- Könül Nurullayeva – bitərəf
- Tural Gəncəliyev – bitərəf
- Azər Kərimli – bitərəf
- Azay Quliyev – bitərəf
- Anatoliy Rafailov – bitərəf
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI