Azərbaycan Milli Məclisinin deputatları Latviyada görüşlər keçirib
Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramovun və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadənin Latviya Respublikasına səfəri çərçivəsində mayın 15-də və 16-da Latviya Seyminin sədr müavini Yanis Qrasberqs, Latviya Seyminin Katibi və Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Armands Krauze və qrupun digər üzvləri, Latviya Xarici İşlər Nazirliyinin Parlament katibi Qunda Reire, Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis və Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzinin direktoru Venta Kotsere ilə görüşlər keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşlərdə ölkəmizin Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.
Latviya Seyminin sədr müavini Yanis Qrasberqs ilə keçirilən görüşdə Azərbaycanla Latviya arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkilərək, ölkələrimizin dövlət başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən Latviya Prezidenti Eqils Levitsin cari ilin mart ayında Azərbaycana səfəri çərçivəsində dostluq qrupunun üzvləri ilə keçirilən görüşün, eyni zamanda ötən il Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Latviyaya səfərinin strateji tərəfdaşlıq münasibətlərimizə töhfə verdiyi qeyd olunub, ölkələrimiz arasında qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə həmçinin, tərəflər parlamentlərarası əməkdaşlığın müxtəlif platforma və beynəxlalq təşkilatlar çərçivəsində davam etdirməyin əhəmiyyətini qeyd edib.
Latviya Seyminin Katibi və Seymdə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Armands Krauze və dostluq qrupunun digər üzvləri ilə keçirilən görüşdə Latviya Seymində yeni formalaşmış dostluq qrupunun yaradılmasından və qrupun üzvləri ilə yeni əlaqələrin qurulmasından məmnunluq ifadə olunub. Ötən illərdə hər iki ölkənin parlamentinin dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunularaq bu səfərlərin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb, qarşılıqlı təmasların bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvlərinə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, o cümlədən Vətən Müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, Azərbaycanın təşviq etdiyi sülh gündəliyi, erməni işğalından azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.
Latviya Xarici İşlər Nazirliyinin Parlament katibi Qunda Reire ilə keçirilən görüşdə Azərbaycan-Latviya münasibətlərinin inkişafından bəhs olunub, 2024-cü ildə Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağından məmnunluq ifadə olunub. Eyni zamanda, ölkələrimizin beynəxalq təşkilatlar çərçivəsində təşəbbüslərinin qarşılıqlı dəstəklənməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərinə toxunularaq Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb, BMT, Avropa Şurası, NATO və digər təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin perspektivləri müzakirə olunub.
Eyni zamanda, “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Latviya strateji tərəfaşdaşlığının genişləndirilməsi: keçmişdən bu günə və gələcəyə” mövzusunda bu il mayın 17-də Latviya Universitetində keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verilib, konfransda ikitərəfli Azərbaycan-Latviya münasibətlərinin müxtəlif aspektləri üzrə hər iki ölkənin parlamentinin üzvlərinin, aparıcı beyin mərkəzləri və təhsil ocaqlarının mütəxəssislərinin çıxış edəcəyi və maraqlı təqdimatların olacağı diqqətə çatdırılıb.
Latviya Yerli və Regional Hakimiyyətlər İttifaqının sədri Gints Kaminskis ilə keçirilən görüşdə iki ölkənin yerli hakimiyyət orqanları və bələdiyyələri arasında 14 əməkdaşlıq sazişinin və protokollarının mövcud olduğu və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib, bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin zərurəti vurğulanıb.
Görüşdə 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq layihələrinin həyata keçirildiyi, həmin ərazilərdə yeni idarəetmə sisteminin tətbiq olunduğu diqqətə çatdırılıb, Latviyanın yerli və regional hakimiyyət orqanlarının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan yaşayış məntəqələrinin idarəetmə orqanları ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə olunub.
Milli Məclisin deputatları, həmçinin Latviya Universitetinin Akademik Kitabxanasının nəzdində fəaliyyət göstərən Azərbaycan İnformasiya Mərkəzini də ziyarət edib, Kitabxananın direktoru Venta Kotsere ilə görüşüb, Azərbaycan İnformasiya Mərkəzinə erməni işğalının fəsadlarını, həmçinin Vətən Müharibəsində şanlı Zəfərimizi əks etdirən kitablar hədiyyə ediblər.
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI