Asiya Parlament Assambleyasının Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasının iştirakçıları ilə ikitərəfli görüşlər olub
Sentyabrın 22-də Azərbaycanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva ilə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilən iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan parlament nümayəndə heyətinin rəhbəri senator Nisar Ahmed Kuhro, İraq nümayəndə heyətinin rəhbəri Cabbar Əl Çnani, Kamboca nümayəndə heyətinin rəhbəri Sokun Ti və Tayland nümayəndə heyətinin rəhbəri Virasakdi Futrakulun başçılıq etdikləri nümayəndə heyətləri ilə ikitərəfli görüşlər olub.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşlərdə Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva APA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən, beynəlxalq təşkilatlarda əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi potensialından, parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışıb.
Söhbətlərdə APA-nın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin Bakıda keçirilmiş iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunub, APA çərçivəsində Azərbaycan nümayəndə heyətinin təşəbbüskarı və müəllifi olduğu “Qadınlar üzrə Komissiya haqqında” qərar layihəsinin qəbul olunmasından məmnunluq bildirilib.
İkitərəfli görüşlər zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə Milli Məclisin deputatları Aydın Hüseynov, İlham Məmmədov və Anar Məmmədov iştirak ediblər.
***
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sentyabrın 22-də APA-nın Bakıda keçirilən daimi komitə iclasında iştirak edən İran parlamentinin üzvü Zahedi Mohəmməd Mehdinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər görüşdə Azərbaycanla İran arasında ortaq tarixi, dini, mədəni dəyərlərdən bəhs ediblər, regionda sülhün və əməkdaşlığın möhkəmləndirilməsi perspektivlərindən danışıblar, iki ölkə arasında müxtəlif sahələrdə, əsasən də elm və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Söhbət zamanı Asiya qitəsindəki problemlərin aradan qaldırılmasında APA çərçivəsindəki birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb, Azərbaycanla İran arasında parlamentlərarası və digər sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI