Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclasında
Fevralın 21-də Bakıda Asiya Parlament Assambleyasının (APA-nın) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan İcraedici Şuranın sədri Abdulkadir Emin Önen məruzə ilə çıxış edib. O, qurumun keçdiyi yol və qarşıdakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb, APA-nın qlobal problemlərin həllində mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb və Azərbaycanın 2024-2025-ci illər üzrə APA-ya uğurla sədrlik edəcəyinə əminliyini ifadə edib.
İclasda APA Baş katibinin müavini Kia Tabatabaye qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. APA-nın baş katibi Muhammed Reza Məcidi isə müzakirədə olan qətnamə layihələri üzrə son fikir və təkliflərlə bağlı məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, ölkəmizin APA-ya müvəffəqiyyətlə sədrlik edəcəyinə şübhə etmədiyini vurğulayıb.
Sonra APA-nın 14-cü Plenar İclasının gündəliyi müzakirə olunub. Tədbirdə İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə, Siyasi məsələlər üzrə daimi komitələr tərəfindən irəli sürülən qərar layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.
İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə, nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI