Arzu Nağıyev Gədəbəy hadisələrindən danışdı: “Bölgədə təxribata çalışırlar”
Deputat Arzu Nağıyev Milli Məclisin iclasında gündəmin ən aktual mövzularından biri olan Gədəbəy hadisələrindən danışdı.
“Turanın səsi ” in məlumatına görə deputat bildirdi ki, son bir neçə gündə ölkə gündəminə çevrilən əsas məsələlərdən biri də Gədəbəyin Söyüdlü kəndində baş verən məlum insidentdir:
Kənd əhalisinin bir qismi ərazidə yerləşən və “Söyüdlü” qızıl yatağının operatoru olan “Anqlo-Asian Mining” şirkətinin ekoloji problemləri, daha doğrusu, tullantıxanasının inşası ilə bağlı narazılıqlarını ifadə ediblər.
✔Birinci gün əhaliyə qarşı polis nəfərləri tərəfindən müəyyən kobudluq edilsə də, Daxili İşlər Nazirliyi dərhal həmin polislərin cəzalandırılacağı ilə bağlı açıqlama yaydı.
✔Eyni zamanda, rayon icra başçısı kənd sakinləri ilə görüşdü və müvafiq açıqlamalar verdi.
✔Növbəti gün Baş nazirin müvafiq sərəncamına uyğun olaraq xüsusi komissiya yaradıldı və komissiya üzvləri Söyüdlü kəndinə yollanıb, sakinlərlə görüşdülər, onların problem kimi gördükləri məsələlərin həlli istiqamətində qəti addımlar atılacağı bildirildi.
Yəni bir daha dövlətin və dövlət başçısının öz vətəndaşının yanında olduğunun şahidi olduq.
Təbii ki, kənd sakinlərinin dediklərində də həqiqət var və orada ekoloji problemlər deyilən, qabardılan qədər olmasa da, mövcuddur. Lakin bunu sivil bir qaydada çatdırmaq, məsələnin mahiyyətini başa salmaq daha vacib idi və problemi bu vəziyyətə gətirib çıxarmaq da düzgün deyildi. Təəssüf ki, mərd dağ camaatından, Söyüdlü sakinlərindən istifadə edərək və onlarla manipulyasiya edərək öz məkrli siyasətlərini həyata keçirməyə çalışan qüvvələr insidentin dövlətə qarşı böyük aksiyaya çevrilməsinə çalışdılar və bunun da qarşısı alındı”.
A.Nağıyev ardınca “Gədəbəyin ucqar bir kəndində bu cür vəziyyət yaradan qüvvələr kimlər idi?”-sualına cavab olaraq bunları söylədi: “Azərbaycanın son vaxtlar dünyada apardığı siyasət kimlərəsə, əsasən də ermənilər və onların havadarlarına xoş gəlməzdi, ekofəallarımızın Laçın-Xankəndi yolunda aksiyası, ermənilərin Qarabağda yataqlarımızdan qanunsuz istismarının qarşısının alınması, Laçında keçid məntəqəsinin qurulması da buna misaldır. Dəfələrlə sərhəddə təxribatlar törətdilər, məqsəd də sülh müqaviləsini imzalamaqdan qaçmaqdır. Yəni belə misallar çoxdur. Məhz bunlara görə də öz agentura şəbəkələrindən istifadə edərək Azərbaycanda, əsas da Ermənistanla həmsərhəd olan, bir qarış belə torpaq verməyən, baş ucalığımız olan şəhidlərimizlə fəxr etdiyimiz saf, təmiz dağ adamları yaşayan Gədəbəy kimi bölgədə təxribata çalışırlar. Ölkədən kənarda yaşayan şəxslərə, eyni zamanda daxildəki koordinatorlara, hansılar ki, məramı məqsədi vəzifə hərisliyi, nəyin bahasına olur-olsun bu xalqa, millətə pislik aşılamağı məqsəd seçənlərə verilən tapşırıqlar əsasən sadə xalqdan istifadə etməklə niyyətlərinə çatmaq idi.
Ümumiyyətlə, nə coğrafi mövqedən, nə siyasi baxışlarından xəbərsiz, məramı məqsədi kimlərisə aşağılamaq, qəsd, qərəzlə nüfuzdan salmaq istəyən, pulla, maliyyə dəstəyi ilə işləyən əqidəsiz trol dəstələrindən və özünü kütləvi informasiya vasitəsi adlandıran qurumlardan da istifadə etdilər. Bu “bloqer”lər, “jurnalistlər” və onların fəaliyyəti də araşdırılacaq, məmurlara, digər dövlət adamlarına iftira atanlar, qara yaxanlar da öz əməllərinə görə cavab verəcəklər, sahiblərinin bir əmrinə sadiq olan bu şəxslər heç vaxt nə Söyüdlü sakinlərini, nə də Azərbaycanı düşünməyiblər. Bunlar dağ adamlarının saflığından, təmizliyindən istifadə edənlər öz məkrli məqsədlərinə çatmayacaqlar, çünki Azərbaycan dövlətinin əsas siyasəti xalqın rifahı, müstəqilliyimizin əbədi qorunması, hər bir təhlükəsizliyimizə təhdidlərin qarşısının alınmasıdır”.
Deputat onu da qeyd etdi ki, baş vermiş insidentin dövlətə qarşı böyük aksiyaya çevrilməsinin qarşısı alınıb və hər hansı təhlükə yoxdur:
“Bu gün də Gədəbəyin Söyüdlü kəndinə komissiya işləyir, baş vermiş insidentlə bağlı araşdırmalara başlanılıb, müvafiq qurumların nümayəndələri tərəfindən işlər aparılır və nəticə ilə bağlı da məlumat veriləcək”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI