Ailə, qadın və uşaq məsələləri komitəsində ictimai dinləmə
Martın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmə keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Komitənin sədri Hicran Hüseynova tədbiri açaraq, bu il dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünün qeyd ediləcəyini bildirib. O, vurğulayıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq referendum yolu ilə qəbul edilib. 5 il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, ərazi bütövlüyümüzü və suveren hüquqlarımızı bərpa edib.
Komitə sədri Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bununla əlaqədar olaraq, keçiriləcək tədbirlər çərçivəsində rəhbərlik etdiyi komitə tərəfindən bugünkü ictimai dinləmənin təşkil edildiyini söyləyib.
Hicran Hüseynova Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən birinin də Azərbaycan Konstitusiyasının hazırlanması olduğunu vurğulayıb. O dövrdə dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən genişmiqyaslı islahatların həyata keçirildiyini, ölkə Konstitusiyasının insan hüquq və azadlıqlarının etibarlı təminatçısı olduğunu bildirib.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI