Adil Əliyev Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski ilə görüşüb
Noyabrın 14-də Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski ilə görüşüb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonağı səmimiyyətlə salamlayan sədr müavini, xalqlarımızı birləşdirən ənənəvi dostluq əlaqələrindən söz açıb, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirib. O, dövlətlərarası münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrimizin strateji xarakteri daşıdığını, qarşılıqlı faydalı münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında mövcud olan səmimi dostluq münasibətlərinin, yüksək səviyyəli dialoqun və qarşılıqlı anlaşmanın mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əlaqələrimizin möhkəm müqavilə-hüquq bazasının olduğu qeyd olunub, bunun artan ticarət dövriyyəsi, iqtisadi, sosial, mədəni sahələrdə əlaqələrin inkişafına, birgə layihələrin həyata keçirilməsinə müsbət töhfə verdiyi bildirilib.
Ümumi dəyərlərimizdən danışan Adil Əliyev, I Avropa Oyunlarının Bakıda, II Avropa Oyunlarının isə Minskdə keçirilməsini əlamətdar hal adlandırıb.
Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün unikal tarixi fürsət yarandığını deyən Adil Əliyev bildirib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub. Müharibənin bitməsindən 3 il keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də sülh sazişini imzalamaqdan boyun qaçırır, bu isə regionda kommunikasiyaların açılmasına, sabitliyin bərqərar olmasına imkan vermir.
Qonağa Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə başlatdığı genişmiqyaslı bərpa-quruculuq işlərinin gedişatı barədə məlumat verilib. Böyük qayıdış proqramı çərçivəsində həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinin əhəmiyyətindən, ərazilərə geri qayıdan əhali üçün tikilən evlərdən, “ağıllı şəhər” və “ağıllı kənd” kimi layihələrdən danışılıb.
Milli Məclisin sədr müavini görüşdə həmçinin parlamentlərarası əlaqələrin inkişaf perspektivlərinə toxunub, bu əlaqələrin həm ikitərəfli və həm də beynəlxalq platformalarda uğurla inkişaf etdiyini deyib.
Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski, ölkəmizə səfərinin məqsədləri və keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq, ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, görüşlərin rolunu vurğulayıb. Nümayəndə heyətlərimizin beynəlxalq platformalarda qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib.
Görüşdə Belarusla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyad Səmədzadə, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI