Adil Əliyev: “Azərbaycan – Özbəkistan münasibətləri tarixinin ən yüksək mərhələsindədir”
Dünən Füzuli rayonunda Özbəkistan tərəfinin dəstəyi ilə tikilmiş dahi mütəfəkkir Mirzə Uluqbəyin adını daşıyan 960 nəfərlik 1 nömrəli məktəbin açılış mərasimi baş tutdu.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Azərbaycan və Özbəkistan Prezidentlərinin və Birinci xanımlarının iştirakı ilə açılış mərasimi keçirilən bu məktəb həm də Azərbaycan və Özbəkistan arasında olan dostluğun, qardaşlığın simvoludur. Özbəkistan Prezidentinin təşəbbüsü ilə tikilmiş bu təhsil ocağı tarixi anları yaşayan ölkəmiz üçün jestdir. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı genişmiqyaslı abadlıq-quruculuq işləri dünya mediasının gündəmindədir və bu işə Özbəkistanın verdiyi töhfə olduqca əlamətdar hadisədir. Məktəbin açılışı ilə bərabər, Füzuli sakinləri ilə tanışlıq, keçirilən görüşlər dostluğumuzun daha da güclənməsi baxımından olduqca mühümdür.
Azərbaycanın və Özbəkistanın tarixi qədim köklərə malikdir. Hər iki ölkənin mütəfəkkirlərinin yaradıcılıqlarındakı iqtibaslar, mədəni-tarixi əlaqələr, xalqlarımız arasındakı dostluqlar əsrlərə dayanır.
Özbəkistanla dövlətlərarası münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderin siyasi xəttində Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafı özünəməxsus yer tuturdu. 1996-cı ildə Özbəkistan Prezidentinin Azərbaycana dəvət olunması və Ulu Öndərin 1997-ci ildə həmin ölkəyə səfəri, imzalanmış sənədlər dövlətlərarası dostluğumuza zəmin yaratdı. Bu gün hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti, vahid dini dəyərlər münasibətlərə müsbət təsir edir.
Prezident İlham Əliyevin və Şavkat Mirziyoyevin timsalında hər iki ölkə başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər dövlətlərarası münasibətlərin inkişafına şərait yaradır. Prezident İlham Əliyevin 2022-ci ildə Özbəkistana üç dəfə səfər etməsi, bu dost ölkənin Prezidenti seçilmiş Şavkat Mirziyoyevin ilk xarici səfərini ölkəmizə etməsi, eləcə də bu səfərlər zamanı vacib sənədlərin, sazişlərin imzalanması olduqca mühümdür. 23 avqust tarixində dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə birgə səfəri, Füzuli şəhərindən sonra Şuşa şəhərində məscidləri, tarixi abidələri ziyarət etmələri onu deməyə əsas verir ki, dövlət başçılarının dostluğu ölkələrimiz arasındakı münasibətləri daha da dərinləşdirir. Məhz sonuncu səfər zamanı imzalanan sənədlərdən biri də ölkələrimiz arasında Ali Dövlətlərarası Şuranın yaradılması ilə bağlıdır və Şura dövlətlərarası əlaqələrin inkişafına xidmət edəcəkdir.
Bu gün Azərbaycan – Özbəkistan münasibətləri dövlətlərarası, həm də beynəlxalq platformalarda uğurla davam edir.
Mərkəzi Asiyanın ən sürətlə inkişaf edən dövləti olan Özbəkistanın uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Özbəkistanın uğuru kimi xarakterizə olunur. Dövlətlərarası münasibətlərlə yanaşı, beynəlxalq təşkilatlarda üzvlük çərcivəsində qarşılıqlı fəaliyyət, hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsi dostluğumuzu nümayiş etdirir. Məhz Özbəkistan bu günə qədər Ermənistanda səfirlik təsis etməyib və Ermənistana da bu ölkədə diplomatik nümayəndəlik təsis etməsinə icazə verməyib.
Bütün sahələrlə bərabər, xüsusilə də logistika və yükdaşımalar sahəsində qarşılıqlı fəaliyyət hər iki ölkənin maraqlarına uyğundur. Bu gün məhz ölkəmizdə güclü nəqliyyat-logistika infrastrukturu yaradılmış və beynəlxalq daşımalarda mühüm amilə çevrilmişdir. Bu infrastruktur Mərkəzi Asiyadan olan yüklərin daşınmasında mühüm strateji platformaya çevrilir və yükdaşımaların əhəmiyyətini xüsusilə artırır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI