Adil Əliyev: “Azərbaycan-Qazaxıstan  müttəfiqlik münasibətləri dərin dostluğun və milli maraqların vəhdəti zəminində inkişaf edir”

0

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici siyasət və beynəlxalq münasibətlər sahəsində ənənəvi olaraq apardığı intensiv fəaliyyət bu günlərdə də davam edir.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

O, 7 apreldə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və onun başçılıq etdiyi nümayəndə heyətini Qəbələdə qəbul etmiş, Tacikistan və Qazaxıstana rəsmi səfərlərdə olmuşdur. Gürcüstan Baş Naziri ilə görüşdə müzakirə olunan əsas mövzular arasında Orta Dəhlizin səmərəli fəaliyyət göstərməsi yolları, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətinin genişləndirilməsi və  Gürcüstandan keçməklə Azərbaycandan Avropaya Qara dənizin dibindən keçməklə çəkiləcək elektrik enerjisi xəttinin inşası kimi məsələlər mühüm yer tutmuşdur. 

Təbii ki, Azərbaycan və Gürcüstan xalqları və dövlətləri arasında münasibətlər tarixin sınaqlarından çıxmış və hazırkı strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə yüksəlmişdir.  Heç şübhəsiz ki, iki dost və qonşu xalq arasındakı münasibətlərin möhkəmləndirilməsində və inkişafında Ulu Öndər Heydər Əliyev önəmli, tarixi rol oynamışdır. Ulu Öndərin bu sahədəki xidmətlərini Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də görüşdə xüsusi vurğulayaraq, onun xatirəsini ehtiramla yad etmiş və Heydər Əliyevin yüz illik yubileyini əlamətdar bir hadisə kimi qiymətləndirmişdir.

Prezident İlham Əliyevin  aprelin 5-də Tacikistana etdiyi səfər də əlamətdardır. Səfər zamanı iki ölkə arasında 14 sənəd imzalandı. Bu sənədlər ikitərəfli əməkdaşlığın bir çox sahələrini, o cümlədən mədəniyyət, turizm, iqtisadiyyat, biznes, gömrük, hüquq-mühafizə, maliyyə və digər sahələri əhatə edir. Eləcə də, Şuşa şəhəri və Tacikistanın İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair protokol imzalandı. Bu da Vətən müharibəsində qazandığımız böyük zəfərin nəticələrinin  beynəlxalq səviyyədə tanınmasının daha bir təzahürüdür. 

Tacikistan Prezidenti Emoməli Rəhmon Ulu Öndər Heydər Əliyevin ölkələrimiz arasında sıx dostluq münasibətlərinin əsasını qoyduğunu qeyd etdi və Heydər Əliyevin yüz illik yubileyinin Tacikistanda da yüksək səviyyədə qeyd ediləcəyini bildirdi.

Ölkə başçısı İlham Əliyev növbəti rəsmi xarici səfərini Qazaxıstana etdi. Ulu Öndər Heydər Əliyevə böyük hörmət və ehtiram dolu münasibət Qazaxıstanda xüsusilə nəzərə çarpırdı. Qazaxıstan Prezident Kasım-Jomart Tokayev dövlət başçımız İlham Əliyevlə birlikdə paytaxt Astananın gözəl və cazibədar Yeşil rayonunda Heydər Əliyev küçəsinin açılışında iştirak etdilər. 

Heydər Əliyev küçəsində türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayan elementləri ehtiva edən dərin mənalı bir monument də ucaldılıb. Monument üzərindəki QR kodu skan etməklə Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar. 

Prezident Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsinin açılış çıxışında dedi ki, “Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”.  Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Qazaxıstanda zəngin tədbirlər proqramı da həyata keçiriləcək.

Əlbəttə ki, qardaş xalqlarımız arasında dərin dostluq münasibətləri var və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində böyük qazax bəstəkarı və mədəniyyət xadimi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması kimi nəcib təşəbbüsü bu münasibətlərin səmimiliyinə bir nümunədir. 

Qeyd edilməlidir ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq strateji tərəfdaşlıqdan qarşılıqlı müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlməkdədir. Ötən il Qazaxıstan Prezidentinin Azərbaycan səfəri zamanı iki dövlət arasında “Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında” Bəyannamə imzalandı. Bu Bəyannamənin imzalanması ikitərəfli münasibətlərimizdə yeni inkişaf dövrünün başlanması deməkdir. Prezident İlham Əliyevin aprelin 10-da həyata keçirdiyi səfər də məhz bu missiyaya xidmət edir və müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdirir. Bu məzmun iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi geniş sahələrdə konkret, nəticə yönümlü birgə fəaliyyətləri özündə ehtiva edir. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası  Şurasının yaradılması haqqında Protokolun Prezident İlham Əliyevin 10 aprel səfəri zamanı imzalanması müttəfiqlik münasibətlərinin konkret məzmunla zənginləşdirilməsi prosesini sürətləndirəcək. 

Beləliklə, Azərbaycan-Qazaxıstan müttəfiqlik münasibətləri dərin dostluğun və milli maraqların vəhdəti zəminində inkişaf edir. Prezident İlham Əliyevin təbirincə desək, “Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir.”

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir