Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib

Dekabrın 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan sərnişin təyyarəsi dekabrın 25-də Bakı – Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb. Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə dünən ölkə ərazisində matəm elan edilmişdi. Dövlət başçısının sərəncamı ilə qəzanın  səbəblərini araşdırmaq üçün Dövlət komissiyası yaradılıb.

Möhtərəm cənab Prezidentin tapşırığına əsasən komissiya baş vermiş faciəli hadisəni hərtərəfli araşdırıb qəzanın səbəblərini dəqiq müəyyən edəcək və ictimaiyyətə məlumat verəcəkdir. 

Spiker təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyib, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalması arzularını ifadə edib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyinə 17 məsələnin daxil edildiyini, ilk 3 məsələnin beynəlxalq sənədlərin təsdiq edilməsi barədə qanun layihələri olduğunu bildirib. O, bu qanun layihələrinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılaraq, qəbul ediləcəyini söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Söyüdlü (Zod) qızıl yatağının bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təqdim edib. O, qanun layihəsinin ölkə başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olduğunu deyib.

Bildirilib ki, Saziş 2024-cü il dekabrın 10-da Bakı şəhərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə “Asian Mining Holding FZ” LLC və AzerGold-un Ortaq Şirkəti arasında imzalanıb. Qanunun qəbulu ilə Sazişlə bağlı bir sıra hüquqi məsələlərin tənzimlənməsi təmin olunacaq. Bura Sazişin hüquqi statusunun müəyyən edilməsi, Sazişin və Əlavələrin qanun olması, onun qanunvericilik sistemində yeri, iştirakçılara zəruri lisenziya, icazə və başqa səlahiyyətlərin verilməsi kimi məsələlər aiddir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov məsələ barədə bu komitənin müsbət rəyini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsini təqdim edib. Komitə sədri cari ilin fevral ayında Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının sessiyası çərçivəsində Milli Məclisin sədri Sahibə Qarafovanın Maldiv Respublikasının spikerini qəbul etdiyini xatırladıb, COP29 beynəlxalq konfransında Maldiv Respublikasının Prezidentinin iştirakını qeyd edib, bu gün ölkələrimiz arasında bir sıra sənədin, o cümlədən bu gün müzakirəyə təqdim olunan Sazişin imzalandığını söyləyib.

Adı çəkilən Saziş 15 noyabr 2024-cü ildə Bakı şəhərində imzalanıb və dövlətlər arasında ikitərəfli münasibətlərin inkişafı üçün diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədinə xidmət edir. Sənəd 9 maddədən ibarətdir. Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər. 90 gündən artıq qalmaq niyyətində olan müvafiq pasport sahiblərinin qalma müddəti onların rəsmi müraciəti əsasında və qəbul edən tərəfin dövlətinin müvafiq orqanlarının icazəsi əsasında həmin dövlətin qanunvericiliyinə uyğun qaydada uzadılır.

Deputat Aydın Mirzəzadə məsələ barədə fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev  “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib. O, layihənin ölkə Prezidenti tərəfindən təqdim edildiyini, 13 maddədən ibarət Sazişin 30 oktyabr 2024-cü il tarixində Rabat şəhərində imzalandığını bildirib. Qeyd edilib ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur, əməkdaşlığımız beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf etdirilir, parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Saziş tərəflərin milli qanunvericiliyinə, normativ aktlarına və tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə uyğun olaraq, tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi bazanın yaradılması məqsədilə imzalanıb. Sənəddə tərəflər arasında hərbi təlim və təhsil, müdafiə sənayesi və elmi-tədqiqat, hərbi tibb xidmətləri, minatəmizləmə fəaliyyəti, humanitar və sülhməramlı əməliyyatlar, hərbi mədəni və idman tədbirləri və digər sahələrdə mümkün birgə əməkdaşlığın sahələri sadalanır və əməkdaşlıq formalarının bölgüsü aparılır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənəd barədə fikirlərinin açıqlayaraq Azərbaycan-Mərakeş münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini, 2022-ci ildə Mərakeş Krallığının Nümayəndələr Palatası sədrinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilmiş I Konfransında iştirakını, eyni zamanda, 2023-cü ildə Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığına rəsmi səfərini, həmin ildə Azərbaycan parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Mərakeş Nümayəndələr Palatası sədrinin iştirakını xatırladıb. O, rəhbərlik etdiyi komitənin məsələ barədə müsbət rəy verdiyini də qeyd edib.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra spiker Sahibə Qafarova gündəliyin növbəti 8 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu və növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi  (üçüncü oxunuş) barədə məlumat verib. O, parlamentin sədrinə bu vacib qanun layihəsinin müzakirəsi üçün yaratdığı şəraitə görə təşəkkür edib. Komitə sədri sənədin birinci oxunuşda komitələrin geniş iclasında ətraflı müzakirə edildiyini, habelə plenar iclasdakı müzakirələrdə müraciət edən bütün deputatların öz fikirlərini açıqladıqlarını, ikinci oxunuşdakı müzakirələrdə isə qaldırılan bir sıra məsələlərin işçi qaydasında həll edildiyini söyləyib. O, “Diplomatik xidmət haqqında” qanun layihəsinin dövlət qulluğunun xüsusi növlərini tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq hazırlandığını və qanunvericilik təşəbbüsü subyekti tərəfindən bəzi texniki, redaktə xarakteri düzəlişlərin edildiyini də bildirib.

Qanun layihəsində  Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətləri və funksiyaları, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsasları və təşkili qaydaları, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsasları, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələlər tənzimlənir.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənəddə təklif olunan dəyişikliklərin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.

Bu qanun layihəsi ilə bağlı İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov fikirlərini açıqlayaraq müzakirələr zamanı konstruktiv fikir mübadiləsinin aparıldığını, yeni layihənin diplomatik fəaliyyətin yüksək səviyyədə təşkili sahəsində əhəmiyyətini qeyd edib,  təqdim edilən hər iki sənəd barədə bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Sonra  hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Plenar iclasda iştirak edən xarici işlər nazirinin müavini Elnur Məmmədov “Diplomatik xidmət haqqında” mühüm əhəmiyyət kəsb edən qanun layihəsini qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edən ölkə Prezidentinə diplomatik xidmət orqanları əməkdaşları adından təşəkkürünü ifadə edib. O, diplomatik xidmət orqanlarının fəaliyyətinin və burada xidmət keçən əməkdaşların təminatının ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Nazir müavini diplomatik xidmət əməkdaşlarının bu diqqət və qayğının məsuliyyətini anlayaraq Prezidentin həyata keçirdiyi uğurlu xarici siyasət sahəsində üzərlərinə düşən vəzifələrin icrasında öz səylərini əsərgəmədiklərini bildirib. O, qeyd edib ki, bu gün qəbul edilən qanun layihəsi diplomatik xidmət sahəsində fəaliyyətin daha səmərəli təşkilinə öz töhfəsini verəcək.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü  oxunuş)  qanun layihəsinə dair məlumat verib. O, sənədin birinci və ikinci oxunuşda ətraflı müzakirə edildiyini, verilən rəy və təkliflərlə bağlı fərdi görüşlərin keçirildiyini, ekspertlərin öz fikirlərini bildirdiklərini və məsələnin üçüncü oxunuş üçün komitə tərəfindən tövsiyə edildiyini diqqətə çatdırıb.

Qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu komitələrin məsələ barədə rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş)  qanun layihəsindən bəhs edib. O, sənəd barədə birinci və ikinci oxunuş zamanı ətraflı məlumat verildiyini, hər hansı qeyd və təklifin olmadığını deyib, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihə ödənişli avtomobil yollarından istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsini və ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılmasını nəzərdə tutur. 

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O, bu qanun layihələrinə parlamentin üç komitəsində baxıldığını qeyd edib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş)  qanun layihəsini təqdim edib. O, birinci və ikinci oxunuşlarda layihə barədə ətraflı məlumat verildiyini, qaldırılan məsələlərlə bağlı işçi qaydada müzakirələrin aparıldığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə təklif edilən dəyişikliklər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların təşkili və fəaliyyətinə dair müddəaların daha da təkmilləşdirilməsi, bu sahədə həyata keçirilən tənzimləmənin effektivliliyinin daha da artırılması məqsədilə hazırlanıb.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində,  Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verərək, sənədə rəhbərlik etdiyi komitədə baxıldığı və müsbət rəy verildiyini deyib.

Layihəyə əsasən, uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək. Bu komissiyalar, həmçinin öz səlahiyyətləri daxilində təhsil müəssisələrində, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqini də həyata keçirəcəklər.

Bu sənəd barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov, hər iki layihə ilə bağlı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu komitələrin rəylərini açıqladıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsi barədə söhbət açaraq, bu sənəddə əlavə heç bir dəyişikliyin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilən bir sıra qanun layihələrinin və müxtəlif vaxtlarda qəbul edilmiş qanunların icrası məqsədilə hazırlanıb. Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun  layihəsindən bəhs edib. O, əvvəlki iki oxunuş zamanı layihə barədə ətraflı məlumat verildiyini, ikinci oxunuşda qaldırılan məsələnin qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olunduğunu, sənədin mətnində hər hansı dəyişikliyin edilmədiyini  deyib və onun olduğu kimi səsə qoyulmasın xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin növbəti 6 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Valyuta tənzimi haqqında”, “Xidməti və mülki silah haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Lotereyalar haqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. O, təklif olunan dəyişikliklərin dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin elektronlaşdırılması ilə bağlı olduğunu söyləyib. Qeyd olunub ki, bu, həmin xidmətlərin keyfiyyətinin artırılmasına, habelə Elektron Hökumət İnformasiya Sisteminin inkişafına xidmət edəcək.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu, sənəd barədə bu komitələrin müsbət rəy verdiyini söylədikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı təqdim edib.

Bildirilib ki, layihədə adı çəkilən qanunlarda əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələrinə aid müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə bilməsi və onların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov sənəd barədə bu komitələrin müsbət rəylərini təqdim etdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 14-cü  məsələsi olan “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.

O, qanun layihəsinin əhatə etdiyi məsələləri üç blokda qruplaşdırıb. Birincisi rüsumların inzibatçılığının təkmilləşdirilməsi məsələləridir. Bununla bağlı “Dövlət rüsumlarının elektron idarəedilməsi (e-rüsum)” informasiya sistemi tətbiq ediləcək. İkinci blokda qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqi nəticə yaradan icazələrin verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi üçün hüquqi əsaslar yaradılır. Üçüncüsü də “elektron-rüsum” informasiya sisteminin saxlanması üçün müəyyən fondun yaradılması məqsədi ilə  “e-bildiriş”in təqdim edilməsinə görə xidmət haqqı müəyyən olunur.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini bildirib.

Komitə sədri Siyavuş Novruzovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Növbəti məsələ barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) “yüksəkixtisaslı miqrant” anlayışının Miqrasiya Məcəlləsinə gətirilməsi ilə əlaqədardır.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Gündəliyin 16-cı məsələsi olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, sənədin birinci oxunuşunda ətraflı məlumat verilib. Komitə sədri xatırladıb ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq dövlət orqanları tərəfindən verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilmişdir. Təklif olunan qanun layihəsində bu təsdiqedici sənədi verən orqanlar sırasına Azərbaycan Respublikası Baş Prokurorluğunun da əlavə olunması nəzərdə tutulur.

Komitə sədri Siyavuş Novruzovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib. Komitə sədri diqqətə çatdırıb ki, sənədin birinci oxunuşunda ətraflı məlumat verilib. O, xatırladıb ki, mövcud qanunvericiliyə əsasən, kitabxana və muzeylər müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər və bu fəaliyyətdən əldə olunan vəsait onların sərəncamında qalır. Təklif olunan dəyişikliklərə əsasən, bu fəaliyyətdən əldə edilən vəsaitdən müvafiq orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun istifadə ediləcək.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI