“2023-cü il – Heydər Əliyev İli” ilə bağlı tədbirlər çərçivəsində Milli Məclisdə dinləmə keçirilib
Fevralın 2-də “2023-cü il – Heydər Əliyev İli” çərçivəsində Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” mövzusunda ictimai dinləmə keçirilib.
“Turanın səsi ” xəbər verir ki , Tədbir iştirakçıları, əvvəlcə, Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül çələngi və tək çiçəklər düzüblər. Sonra onlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidləri anıblar.
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Heydər Əliyev – müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmənin iştirakçılarını salamladıqdan sonra, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Vitse-spiker Adil Əliyev toplantı iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından və rəhbərlik etdiyi komitə adından salamlayaraq, ictimai dinləmənin keçirilməsi üçün yaratdığı şəraitə görə parlamentin sədrinə təşəkkürünü ifadə edib.
Adil Əliyev bildirib ki, ölkəmizdə, ənənəvi olaraq, 2 fevral Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Gənclər Günü kimi qeyd edilir. O, 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu deyərək, bu il 100 illik yubileyi qeyd ediləcək Ulu Öndərin Azərbaycan gənclər siyasətinin banisi olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər xalqımızın ağır günündə hakimiyyətə qayıdaraq, dövlətimizi dağılmaq təhlükəsindən xilas etdi. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məhz Ulu öndərin adı ilə bağlıdır.
Vitse-spiker diqqətə çatdırıb ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərə himayədarlıq edib, onların qayğıları ilə maraqlanıb. Onun bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına, bilikli, təhsilli gənclərin formalaşmasına xidmət edib.
Komitə sədri Adil Əliyev Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı üç tarixi qərarı barədə danışıb. Bildirib ki, onun fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradılıb, Ulu öndərin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilib, onun 1997-ci il 2 fevral tarixli sərəncamı ilə 2 fevral Azərbaycan Gəncləri Günü elan edilib. O, qeyd edib ki, bu qərarlar Azərbaycanın dövlət gənclər siyasətinin bünövrəsini təşkil edir.
Ulu öndərin gənclər gününü təsis etməkdə əsas məqsədinin sağlam düşüncəli yeni nəslin formalaşması olduğunu deyən Adil Əliyev, bu gün gənclərimizin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini söyləyib. O, Ulu öndərin illər öncə təməlini qoyduğu gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirib.
Diqqətə çatdırılıb ki, hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclər siyasətini zamanın tələbinə və ruhuna uyğun şəkildə inkişaf etdirir. Bununla yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclər sektorunun tərəqqisinə önəmli töhfələr verir. Məhz Ulu Öndər Heydər Əliyevin banisi olduğu sistemli siyasətin və kompleks yanaşmanın ölkə Prezidenti tərəfindən mütərəqqi və ahəngdar surətdə inkişaf etdirilməsi nəticəsində gənclərimiz bu gün ölkənin ictimai-siyasi həyatında fəallıq göstərir, dövlətimizi beynəlxalq səviyyədə layiqincə təmsil edirlər. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı böyük Zəfərdə gənclərimizin misilsiz rolu olub. Torpaqlarımızın azad olunması uğrunda gedən müharibədə Azərbaycan Ordusunda heç bir fərarilik halına rast gəlinmədi. Bu, illər ərzində sağlam ruhlu, vətənpərvər gəncliyin yetişdiyinin bariz nümunəsidir.
Qeyd edilib ki, bu gün də gənclərimiz mübarizə meydanında öz sözlərini deyirlər. Hazırda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında gənc aktivistlər yüksək fəallıq göstərirlər. Bildirilib ki, ermənipərəst qüvvələr BMT-də ölkəmizə qarşı qərar qəbul etməyə cəhd etdilər. Buna baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində dünyada olan dostlarımız Azərbaycanlı eko-fəalların bu haqq işinə qarşı belə bir qərarın çıxarılmasının qarşısını aldılar.
Adil Əliyev idmançı gənclər haqqında söhbət açaraq, bildirib ki, idmançılarımız beynəlxalq yarışlarında hər zaman uğurla iştirak edir, qələbələr qazanır, dövlətimizin bayrağını ucaldır, Azərbaycanı dünyada təbliğ edirlər. O, dövlət başçısının idmançılarımıza daim qayğı göstərdiyini, onlarla görüşlər keçirdiyini, mükafatlarla təltif etdiyini, sosial məişət şəraitinin yaxşılaşdırılmasına diqqət yetirdiyini vurğulayıb.
Vitse-spiker Prezident İlham Əliyevin qarşımıza qoyduğu prioritetlərdən birinin gənclərin elmli, təhsilli, layiqli vətəndaşlar kimi formalaşması olduğunu söyləyib. Azərbaycan gənclərinin dünyanın qabaqcıl universitetlərində təhsil alması məqsədilə Prezidentin tapşırığı ilə xaricdə təhsillə bağlı xüsusi proqramlar həyata keçirilir, yerli universitetlər və təhsil müəssisələri inkişaf etdirilir. O, bu ənənənin hələ Heydər Əliyevin 1970-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə yarandığını, Ulu öndərin təşəbbüsü ilə hər il çoxlu sayda azərbaycanlı gəncin keçmiş SSRİ-nin müxtəlif universitetlərində təhsilə cəlb edildiyini deyib. Bildirib ki, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi onun bu sahəyə verdiyi misilsiz töhfənin miqyasını nümayiş etdirir. Belə siyasətin nəticəsidir ki, Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda mütəmadi olaraq uğurlar qazanırlar.
Adil Əliyev çıxışında yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum barədə fikirlərini də bölüşüb. O, bu terror aktı nəticəsində bir zabitimizin şəhid olduğunu, səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşının şücaət göstərərək, silahlı terrorçunu zərərsizləşdirdiyini deyib. Bildirib ki, bu hadisə Azərbaycan gəncinin ölkəsini qorumaq üçün hər zaman hazır olduğunu bir daha nümayiş etdirdi.
Vitse-spiker diqqətə çatdırıb ki, dünən Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla gənclər üçün Prezident mükafatı ayrıldı və gənclər sahəsində fəaliyyət göstərən şəxslər təltif edildi. O, bildirib ki, bu, dövlət başçısı tərəfindən Azərbaycan gəncliyinə verilmiş dəyərdir. Adil Əliyev qeyd edib ki, bu gün Azərbaycan gəncləri dünyada qəhrəman, savadlı və vətənpərvər olaraq tanınırlar. Bu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi gənclər siyasətinin bəhrəsidir.
Sonra tədbirdə gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxış edib. O, Azərbaycanda gənclər siyasətinin mənəvi və ideoloji əsaslarının Heydər Əliyev tərəfindən qoyulduğunu deyib. O, qeyd edib ki, Gənclər gününün təsis edilməsi, gənclərin forumlarının keçirilməsi, “Gənclər siyasəti haqqında” qanunun qəbul edilməsi bu siyasətin tərkib hissəsini təşkil edir.
Bildirilib ki, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda gənclər siyasətinin infrastrukturu formalaşmağa başlayıb. Bu istiqamətdə vacib addımlar atılıb.
Müzakirələr zamanı parlamentin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, komitənin üzvləri Ülvi Quliyev, Etibar Əliyev, Könül Nurullayeva, Müşfiq Cəfərov, Elnur Allahverdiyev, Sevinc Hüseynova, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Gənclər və İdman Nazirliyinin Bakı şəhər idarəsinin rəisi Rafiq Abbasov, Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev çıxış edərək öz fikirlərini bölüşüblər.
Tədbirdə iştirak edən qazilər adından Elçin Əhmədov, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov, “Yeni çağ” media qrupunun nümayəndəsi Toğrul Allahverdili, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, Avrasiya Universitetindən Fidan Əzizova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Ələkbər Həsənov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) baş katibi Ramin Həbibzadə Ulu Öndər Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının, bu istiqamətdə qəbul edilən qərarların milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət etdiyini bildiriblər. Çıxış edənlər bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclər siyasətinin uğurla davam etdirildiyini söyləyiblər. Onlar gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işləri, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şəraiti təqdir ediblər.
Tədbirə yekun vuran Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dinləmənin səmərəli keçdiyini söyləyib. O, Gənclər Günü münasibəti ilə ölkə gənclərinə təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirdə parlamentin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin nümayəndəsi Aydan Kərimova və digər rəsmi şəxslər iştirak ediblər.
* * *
Sonra tədbir iştirakçıları Milli Məclisin İnzibati binasının foyesində yaradılmış “Zəfər Guşəsi” ilə tanış olublar, Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad ediblər.
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi