Əmək və sosial siyasət komitəsinin iclasında
Fevralın 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki , iclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib və ilk iki məsələ, yəni birinci oxunuşda olan “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə eynidir. Layihələrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsaslarının yaradılması təklif olunub.
Komitə sədri bildirib ki, təklif olunan dəyişikliklər adıçəkilən fondların investisiya fəaliyyətinin təşkili, onların sərbəst vəsaitlərinin formalaşdırılması və o vəsaitlərdən optimal şəkildə istifadə edilməsi, maliyyə dayanıqlığının artırılması, yarana biləcək risklərin idarə olunması, sosial ödənişlərin davamlılığının təmin edilməsi kimi məqsədlər daşıyır. Bildirilib ki, fondların sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi nəticəsində bu vəsaitlərin dəyəri qorunub saxlanılacaq və fondlar üçün əlavə gəlir mənbələri yaranacaq.
Komitə sədri bu məqsədlə qanunvericiliyə daxil edilən anlayışlar barədə danışıb. O, diqqətə çatdırıb ki, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq.
İclasda qanun layihələri ilə bağlı çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, son zamanlar həm sosial sığorta haqlarının, həm də işsizlikdən sığorta haqlarının yığılmasında inzibatçılıq xeyli təkmilləşdirilib, eyni zamanda, digər sosial proqramların icrası da keyfiyyətcə yaxşılaşdırılıb və sözügedən fondların sərbəst qalan vəsaitlərindən gələcək nəsillər üçün, bu fondların maliyyə dayanıqlığının artırılması üçün istifadə oluna bilər. Nazir müavini bunu ölkədə şəffaflığın və hesabatlılığın artırılması, eyni zamanda ölkənin iqtisadi gücünün, qüdrətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatların əyani sübutu kimi dəyərləndirib.
Anar Əliyev qanun layihələrində təklif olunan dəyişikliklərin gələcək nəsillərin sosial müdafiəsinin təmin edilməsinə yönəlik olduğunu vurğulayıb və Sosial Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin idarə olunmasında şəffaflıq və hesabatlılığın təmin olunması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi qaydaların təsdiq olunacağını bildirib.
Qanun layihələrinin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitənin üzvləri Ziyad Səmədzadə, Jalə Əliyeva, Vüqar Bayramov, İlham Məmmədov, Aqil Məmmədov, Arzu Nağıyev çıxış ediblər. Deputatlar ölkədə investisiya mühitinin yaxşılaşdırılması, dövlət zəmanətli investisiya imkanlarının genişləndirilməsi zəminində adıçəkilən fondların sərbəst vəsaitinin investisiyaya yönəldilməsini təqdir ediblər, təklif edilən yeni yanaşmanı dövrün tələbi kimi dəyərləndiriblər. Dəyişikliklərlə bağlı qeydlərini və suallarını səsləndirən millət vəkilləri fondların sərbəst vəsaitlərinin idarəolunmasında şəffaflığın və hesabatlılığın təmin olunmasının, investisiyalarda risklərin nəzərə alınmasının vacibliyini vurğulayıblar.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar. Bildirilib ki, həm İşsizlikdən Sığorta Fondunun, həm də Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitlərinin optimal şəkildə idarə olunması ilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşmasına, onların pensiyalarının və müavinətlərinin artırılmasına, eyni zamanda məşğulluq tədbirlərinin daha geniş və səmərəli şəkildə həyata keçirilməsinə əlavə imkanlar yaranacaq.
Müzakirələrin sonunda “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Sonra komitədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının təsdiqi ilə bağlı hazırlanmış Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda deputatlar Əziz Ələkbərov, Rauf Əliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi