Əmək və sosial siyasət komitəsinin iclasında
Noyabrın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, müzakirəyə 2023-cü ilin dövlət büdcəsi zərfinə daxil edilən 8 qanun layihəsi ikinci oxunuşda təqdim olunub.
Musa Quliyev qanun layihələri barədə fikirlərini açıqlayaraq bildirib ki, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək. Gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.
Sonra Musa Quliyev İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsindən danışıb. Bildirib ki, növbəti ildə Fondun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub. Bu isə Fondun qarşıya qoyduğu 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq. Fondun özünəməşğulluq proqramını uğurla həyata keçirdiyini deyən komitə sədri, qeyd edib ki, növbəti ildə 17 minə yaxın vətəndaşın bu proqrama cəlb olunması planlaşdırılır.
Komitə sədri gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının artacağını söyləyib. Bildirib ki, ilk dəfə olaraq ehtiyac meyarı yaşayış minimumuna bərabərləşəcək və hər ikisi 246 manat təşkil edəcək. Bu, sosial-iqtisadi sahədə aparılan islahatların müsbət nəticəsi kimi dəyərləndirilir.
Sonra iclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 264 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 76 faizi və yaxud 4 milyard 784 milyon manat məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar hesabına proqnozlaşdırlıb. Növbəti il üçün transfert 1 milyard 468 milyon manat həcmində müəyyən olunub. Qeyd edilib ki, xərclərin 97 faizi və yaxud 6 milyard 78 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Əmək pensiyalarının ödənilməsinə 5 milyard 907 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərclərinə 170 milyon manat vəsait sərf olunacaq. Himalay Məmişov büdcə ilə bağlı digər göstəriciləri də səsləndirərək, Fondun cari fəaliyyəti, əldə edilən nailiyyətlər, gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxışında diqqətə çatdırıb ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il üçün büdcəsi 212,7 milyon manat olaraq proqnozlaşdırılıb. O, özünəməşğulluq sahəsində şəffaflığın təmin edildiyini, 42 istiqamət üzrə kiçik təsərrüfatların yaradıldığını deyib, peşə hazırlığı ilə bağlı görülən işlərdən danışıb. Fond sədri müasir innovasiyaların tətbiqi, rəqəmsallaşdırma tədbirləri, elektron inzibatçılıq, o cümlədən əmək müqavilələrinin elektron formada bağlanması barədə məlumat verib. O, qeyri-formal məşğulluğun aradan qaldırılması sahəsində atılan addımlardan, gənclərin gələcək əmək bazarına hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Sonra parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev büdcə zərfinə daxil olan digər 4 qanun layihəsi barədə məlumat verib.
Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) əsasən, sığorta stajının müddətinin 3 il artırılaraq 2026-cı ilə qədər uzadılması nəzərdə tutulur.
“Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar qeyd edilib ki, təklif olunan dəyişiklik Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 10 il müddətində məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması mexanizmini, o cümlədən tətbiq ediləcək kontingent və şərtləri müəyyən edir. Layihədə, eyni zamanda, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün güzəştli sosial sığorta haqqı müəyyən olunur və həmin fəaliyyət növü də dövlət sosial sığorta haqqının subsidiyalaşdırılmasına aid edilir.
Diqqətə çatdırılıb ki, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) layihədə təklif edilən dəyişikliyə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləmək üçün azı bir il müddətinə bağlanılmış əmək müqaviləsi olduqda, ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 2023-cü il yanvarın 1-dən 5 il müddətinə birdəfəlik müavinət müəyyən olunur.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsində isə Məcəlləyə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışının əlavə olunması təklif edilir və həmin mütəxəssislərə güzəşt və imtiyazlar müəyyən edilir. Təklif olunan dəyişiklikdə mütəxəssislərin 2023-cü ildən 5 il müddətində əsas və əlavə məzuniyyət müddətindən asılı olmayaraq, əlavə 5 gün ödənişli məzuniyyət hüququ əldə etməsi qeyd olunur. Məcəllənin 159-cu maddəsinə 2023-cü il yanvarın 1-dən 5 il müddətində işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların tətbiq edilməsi ilə bağlı dəyişiklik təklif olunur.
Sonra gündəlikdəki məsələlər ətrafında müzakirələr aparılıb. Komitə üzvləri İlham Məmmədov, Jalə Əliyeva, Aqil Məmmədov, Sevinc Hüseynova, Soltan Məmmədov 2023-cü ilin büdcəsi ilə bağlı qanun layihələri barədə fikirlərini açıqlayıblar, qanunlara təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu söyləyiblər. Millət vəkilləri bəzi məqamlarla əlaqədar qeydlərini və suallarını səsləndiriblər.
Himalay Məmişov və Mustafa Abbasbəyli deputatların qaldırdığı məsələlərə aydınlıq gətiriblər, suallarını ətraflı cavablandırıblar.
Onlayn iclasın sonunda gündəliyə daxil edilən “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, habelə “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında”, “Sosial müavinətlər haqqında” Qanunlarda və Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ikinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunublar.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi