Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin parlamentin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
“Turanın səsi ” xəbər verir ki, Gündəliyi təqdim edən komitə sədri Sadiq Qurbanov bildirib ki, müzakirəyə 9 məsələ çıxarılıb. İlk iki məsələ Milli Məclisin 2022-ci ilin payız sessiyası dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin gördüyü işlər barədə hesabatının və 2023-cü ilin yaz sessiyası üçün işlər planının təsdiqi ilə bağlıdır. Qalan 7 məsələ qanun layihələridir.
Komitə sədri əvvəlcə ötən sessiya ilə bağlı hesabatı təqdim edərək bildirib ki, komitənin hesabat dövründə keçirilən 8 iclasında 21 məsələyə baxılıb. Həmçinin, o bildirib ki, ötən sessiyada vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 351 müraciətə komitədə baxılıb və müvafiq tədbirlər görülüb. Bu dövrdə komitə sədri ümumilikdə 34 görüş keçirib. Bunlardan 5-i Milli Məclisdə, 29-u isə seçki dairəsi üzrə Siyəzən və Şabran rayonlarında baş tutub.
Eyni zamanda, sessiya ərzində komitə sədri və üzvləri yerli və beynəlxalq səviyyəli tədbirlərə qatılıblar, parlamentlərarası əlaqələr üzrə işçi qrupları çərçivəsində, həmçinin seçiciləri ilə bir sıra görüşlər keçiriblər.
Komitənin 2023-ci il yaz sessiyası üçün iş planı ilə bağlı Sadiq Qurbanov bildirib ki, planda komitəyə daxil olan qanun layihələrinə, digər sənədlərə baxılması və müvafiq qərarın qəbul edilməsi ilə yanaşı, ekologiya və energetika, bərpa olunan enerji haqqında qanunvericilik və bu sahənin aktual məsələlərinə dair aidiyyəti qurumlarla müzakirələrin keçirilməsi kimi tədbirlər də öz əksini tapıb. Eyni zamanda, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi, qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri, su təchizatı və içməli su problemi kimi məsələlərə dair müzakirələrin keçirilməsi də nəzərdə tutulub. Bunlardan başqa, Qarabağ iqtisadi rayonunda ekoloji vəziyyət, Heydər Əliyev Fondu ilə birgə ekoloji maarifləndirmə tədbirlərinin, ekologiya sahəsində ixtisaslaşmış QHT-lərlə görüşlərin keçirilməsi də komitənin diqqət mərkəzində olacaq.
İclasın gündəliyindəki qanun layihələri ilə bağlı bildirilib ki, sənədlər uyğunlaşdırma xarakterlidir. Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında“, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf edilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında“, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında“, “Milli arxiv fondu haqqında“, “Bələdiyyələrin statusu haqqında“, “Əməliyyat-axtarış fəaliyyəti haqqında“, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında“ qanunlarda dəyişiklik edilməsi barədə və “Yerli rəy sorğusu haqqında“, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında“ və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb.
Gündəlikdəki məsələlərin müzakirəsində komitə üzvləri Fatma Yıldırım, Nəsib Məhəməliyev, İltizam Yusifov, Afət Həsənova çıxış ediblər. Deputatlar komitənin ötən sessiyada işini qənaətbəxş sayıblar, qarşıdakı sessiyada komitənin işlər planı, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı fikirlərini bölüşüblər. Millət vəkilləri Hacıqabul gölünün mövcud vəziyyəti, yaşıl enerjinin təşviq edilməsi və digər ekoloji məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda komitənin 2022-ci il payız sessiyası dövründə gördüyü işlərə dair hesabatı məqbul sayılıb, 2023-cü ilin yaz sessiyası üçün işlər planı təsdiqlənib, gündəlikdəki qanun layihələri isə baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Məşhur Məmmədov, Əliabbas Salahzadə, Mixail Zabelin və digər rəsmi şəxslər iştirak ediblər.
⤵️
⤵️
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi