“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayıb – VİDEO
Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək namizədlər oktyabrın 22-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
“Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriləcəklər.
Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılacaqlar.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul ediləcəklər.
“Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanacaq və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunacaqlar.