Azərbaycanın müdafiə naziri özbəkistanlı həmkarı ilə görüşüb
Oktyabrın 19-da Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Fəxri qarovulun önündən keçildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. General-leytenant B.Kurbanov protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.
Qonaqları salamlayan müdafiə naziri general-polkovnik Zakir Həsənov onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.
Müdafiə naziri özbəkistanlı həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində görülən işlər barədə məlumatlandırıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Özbəkistanın müdafiə naziri səmimi qəbula görə öz minnətdarlığını bildirib, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ilə Özbəkistan müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini xüsusi qeyd edib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Yekunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı” imzalanıb.
Sonda Mərkəzi Komanda Məntəqəsinə gələn nümayəndə heyəti buranın komanda idarəetməyə dair texniki imkanları və ümumilikdə görülən işlərlə tanış olub.