Taleh Kazımov: “Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq”
Azərbaycanda yeni formada valyuta mübadilə məntəqələri formalaşdırılacaq.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib
O qeyd edib ki, “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklikdə bu məsələ də nəzərdə tutulur.
“Valyuta mübadilə məntəqələrinin fəaliyyəti müstəsna fəaliyyət kimi nəzərdə tutulur. İnstitusional valyuta mübadilə məntəqələri biznesi kimi bu iş planlaşdırılır. Yəni kiçik yox, institusional valyuta mübadilə şöbələrinin yaradılması nəzərdə tutulur”, – deyə T. Kazımov qeyd edib.
Xatırladaq ki, ölkədə “exchange”lərin fəaliyyəti 2016-cı ildən dayandırılıb. “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişikliklərə görə, 2018-ci ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanılıb. Bunun üçün müəyyən tələblərə əməl olunması ilə yanaşı, girov vəsait tələb olunur. Belə ki, valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir. Lisenziya qüvvədə olduğu müddətdə həmin girov geri qaytarılmır.
Girovun məbləğinə gəlincə, bu rəqəm ölkənin müxtəlif bölgələri üçün fərqlənir. Bakı üzrə həmin məbləğ 50 min ABŞ dolları və 50 min manat, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 10 min manat və 10 min ABŞ dolları təşkil edir.