Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu

Azərbaycanlı iş adamı Qod Nisanov Sankt-Peterburqda inşa olunacaq yeni pravoslav kilsəsinin tikintisini maliyyələşdirəcək.

turaninsesi.az ” xəbər verir ki, söhbət Müqəddəs İoann Kronshtadtskinin şərəfinə tikiləcək məbəddən gedir. Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill iyunun 14-də kilsənin təməl daşını təqdis edib. Mərasim Sankt-Peterburqda, Karpovka sahilində keçirilib.

Layihənin hazırlanmasına 2026-cı ilin martında başlanılıb. Təməlqoyma mərasimində azərbaycanlı iş adamı Qod Nisanov da iştirak edib. 

Yeni pravoslav kilsəsinin 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Məbəd təxminən 3,5 min kvadratmetr ərazidə inşa olunacaq. Hazırda kilsənin tikintisi ilə bağlı təşkilati və texniki mərhələ davam edir.

Qod Nisanov “Kiyevskaya Ploşad” şirkətinin Direktorlar Şurasının sədridir. O, Rusiyada iri biznes layihələri ilə yanaşı, sosial və xeyriyyə təşəbbüslərinə də dəstək göstərməsi ilə tanınır.

Nisanovun şirkəti daha əvvəl Sankt-Peterburqda Probir Palatasının binasında idman kompleksinin yaradılmasına maliyyə ayırıb. Həmin kompleks 2026-cı ilin fevralında istifadəyə verilib.

Bu ilin aprelində Qod Nisanova şəhərin ictimai həyatına və xeyriyyə layihələrinə verdiyi töhfələrə görə “Sankt-Peterburqun fəxri xeyriyyəçisi” adı təqdim olunub.

Arzu Paşaqızı