Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 303,1 milyon manat təşkil edib.
“Turanın səsi” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur.
9 aylıq daxilolmaların 2 milyard 119,6 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 19,7 % çoxdur.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 115,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,7 % artaraq 85,3 milyon manata çatıb.
9 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 40,8 % artaraq 592,4 milyon manat təşkil edib. O cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,7 % artaraq 411 milyon manat olub.