Teatrların regionlara qastrol səfərləri davam edir

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən teatrların qastrol səfərləri həyata keçirilir.

Bu barədə ” turanın səsi ” nə Mədəniyyət nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub .

Uzun illərdən sonra ilk dəfə belə geniş şəkildə təşkil olunan qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda bu aksiya ilə ölkəmizdə ümumilikdə teatr proseslərinin canlandırılması nəzərdə tutulur.

Qastrol səfərlərinə bu ilin mart ayında başlanılıb və növbəti aylarda da davam etdirilib. Qastrol aksiyasının iyun ayına nəzərdə tutulan proqramına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Qusar Dövlət Ləzgi Dram Teatrı Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Zəngilan (Ağalı kəndi), Salyan, Quba, Şabran rayonlarında tamaşa göstərəcək.
Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin tələbələri Mingəçevir və Şəki şəhərlərində diplom tamaşası ilə çıxış edəcəklər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir